Təxminən hər 3 qadından 1-i qeysəriyyə yolu ilə uşaq dünyaya gətirir.
Hər əməliyyat kimi qeysəriyyə də risklidir və gec sağalır. Ananın əməliyyatdan sonra yaxşılaşma müddəti orqanizmdən asılı olaraq dəyişir. Əməliyyatdan çıxan anaya xüsusi diqqət, qayğı lazımdır.
Turpkimi.com qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən qadınların doğumdan sonra özlərini yaxşı hiss etməsi üçün bəzi vacib məlumatları oxucuları ilə bölüşür.
Probiotik qəbul edin və mayalanmış qidalardan istifadə edin
Əməliyyat zamanı anaya verilən antibiotiklər bağırsaqdakı sağlam bakteriyalara pis təsir edə bilər. Sağlam bağırsaq florasının yenilənməsinə kömək etmək üçün həkim məsləhəti ilə probiotiklərdən yararlanmaq lazımdır. Probiotik immunitet sistemini inkişaf etdirməyə kömək olar və hətta ishalı önləyər.
Yürüşə çıxın, yeriyin
Həkiminiz idmanla məşğul olmağa icazə verdiyi zaman 30 dəqiqəlik yürüşə çıxın. Addımlamaq qaz problemini aradan götürər, qan dövranını artırar, qanın laxtalanmasını önləyər, bağırsaq funksiyalarını yaxşılaşdırar.
İnfeksiya yaya bilən yeməklərdən qaçın
Yeni analar üçün qidalanma çox əhəmiyyətlidir. Qırmızı ət, ağ çörək və qızardılmış yeməklərdən istifadəni məhdudlaşdırın. Meyvə, yaşıl yarpaqlı tərəvəz, fındıq kimi iltihab önləyici qidalar istehlak edin. Toyuq və somon kimi amin turşu ilə zəngin qidalar toxumaların bərpasına kömək edər.
Ağrıkəsicilərdən istifadə edin
Doğuşdan və ya əməliyyatdan sonra ağrıların olması normaldır. Adətən həkimlər 2 həftəlik qəbul edəcəyiniz dərmanların reseptini yazır. Yüngül ağrıkəsicilər sizi qane etmirsə, həkiminizlə məsləhətləşib dərmanı dəyişə bilərsiz.
Yaxşı istirahət etməyə çalışın
İstirahət etmək çox əhəmiyyətlidir. Təbii ki evdə yeni doğulmuş bir körpə varkən çox yatmaq asan iş deyil. İdeal olaraq yeni ana uşaq yatarkən yatmağa çalışmalı və sevdiklərindən dəstək almalıdır. Yeni doğulmuş körpənin məsuliyyəti çox olsa da sağlamlığınız üçün mütləq istirahət etməlisiniz.
Əmizdirmək üçün dəstək alın
Əgər çağanı əmizdirməkdə çətinlik çəkirsinizsə mütləq dəstək alın. Dəstək əmizdirmə stulu, xüsusi bir döşək, hətta əmizdirmək üzrə məsləhətçi şəklində ola bilər. Bütün bunlar yeni ananın əmizdirməsinə kömək ola, hətta ağrını azalda bilər.
Qəbizliklə mübarizə aparın
Yeni ana olmuş qadının hormonlarında dəyişiklik olur. Qarın ağrıları və çox yatmaq belə qəbizliyə səbəb ola bilər. Bu yalnız ağrı hissi verməklə qalmaz, südün azalmasına gətirib çıxarar. Bol miqdarda su içilməli, təzə meyvə kimi bol lifli qidalar yeməlisiniz. Hətta həkiminizdən nəcisi yumşaltmaq üçün resept yazmasını istəyin.
İnfeksiya əlamətlərinə diqqət yetirin
Yeni analar 24 saatdan bir bədən temperaturuna nəzarət etməli və şişkinlik, şiddətli ağrı, qırmızı xətlər və ya üşümə mövzusunda diqqətli olmalıdır. Bu şikayətlər olarsa mütləq həkimə, ya da təcili yardıma müraciət etmək lazımdır.
Duyğularınıza nəzarət edin
İstər qeysəriyyə, istərsə də normal doğuşdan sonra analarda günahkarlıq və utannma hissi yarana bilər. Bu duyğulara sahibsinizsə mütəxəssisdən kömək ala bilərsiniz. Bu, doğuşdan sonra depressiyanı önləyəcək.
Qanaxmalar üçün bezdən istifadə edin
Qeysəriyyə ilə doğuş vaginadan olmasa belə, yeni anaların əməliyyatdan sonra qanaxmaları ola bilər. Bunun üçün bezdən istifadə etməlisiniz. Əgər həkiminiz məsləhət görmürsə infeksiyaya səbəb olacağı üçün duş və tampundan qaçınmalısınız. Həddindən artıq qanaxmanız olarsa qısa zaman ərzində həkiminizə müraciət edin.
Vüsalə Əlövsətqızı, Turpkimi.com
31-03-2022