Qidadan zəhərlənərkən nə etməliyik? - Hər kəsin bilməli olduğu VACİB MƏSLƏHƏTLƏR


Zəhərlənmənin qana keçməməsi üçün ilkin yardım...

qidadan-zeherlenerken-ne-etmeliyik
18.11.2019 13:57 3 dəq oxuma

Son zamanlar paytaxtda və bölgələrdə qida zəhərlənmələrinin sayı artıb. Hətta bu zəhərlənmələr kütləvi xarakter daşıyır, xüsusən də şadlıq evləri və restoranlarda.

Bəs görəsən qida zəhərlənmələrinə səbəb olan amillər hansılardır? Ümumiyyətlə, zəhərlənmənin əlamətləri nədir və zəhərlənən adama ilkin tibbi yardımı necə etmək olar?

TurpKimi.com ATU-nun II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyevin mövzu ilə bağlı məlumat və məsləhətlərini təqdim edir:

- Əgər bir ailədə bir qidadan 3-4 nəfər yeyibsə və həmin şəxslərdən ikisində eyni şikayətlər müşahidə edilərsə, bu, zəhərlənmənin ilkin əlaməti ola bilər.

- Həmin qidanı yedikdən 30 dəqiqədən 1 sutkaya qədər müddət ərzində ürəkbulanma, qusma, mədəaltı nahiyədə, qarın nahiyəsində ağrılar, bəzən də ishal əmələ gəlirsə, buna qida zəhərlənməsi demək olar. Yaxud da zəhərlənən şəxs hansısa qidaları qarışdırıb, yaxud onda xroniki narahatlıq varsa, yediyi hansısa qida da onda zəhərlənmə üçün təkan rolunu oynayıb.

- Çox zaman qida zəhərlənmələrinə səbəb olan mayonezli salatlardır. Mayonez, xama ilə hazırlanan salatlar mütləq həmin gün ərzində yeyilməlidir. Amma bu cür salatları xeyli miqdarda tədarük edilibsə, onda bu gün nə qədər istifadə ediləcəksə, o qədərinə də xama qatılsın. Salatın digər hissəsini şüşə qablarda soyuducuya qoyaraq, daha sonra yeməzdən 5-10 dəqiqə əvvəl istifadə ediləcək qədərinə xama vurularaq yeyilə bilər. Təəssüf ki, insanlar belə etmirlər, salatı çox miqdarda hazırlayırlar, saxlama qaydasını gözləmirlər, nəticədə salat turşuyur və qida zəhərlənməsinə səbəb olur.

- Bununla yanaşı hisə verilmiş balıq məhsulları, turşular normal steril vəziyyətdə hazırlanmayıbsa, ağır qida zəhərlənməsi olan batulizmə səbəb ola bilər.

Zəhərlənmə müşahidə olunarkən ilkin yardım kimi nə etmək lazımdır?

- Zəhərlənmədən şübhələndikdə həkimə müraciət edənə qədər su qəbul edərək, qusmağa çalışsınlar. İlk olaraq, mədə-bağırsağı yumaq - çoxlu miqdarda sodalı, ya marqanslı su içmək , bağırsağı təmizləyici imalə etmək lazımdır. Əgər bu, mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib, onu 1 stəkan suya qatıb içsinlər. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin qarşısı alınır. Əgər artıq zəhərlənmə inkişaf etmişsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi, infeksion toksiki, xəstə şok keçirə bilər, başqa insanlara xəstəlik yoluxa bilər və s.

- Qida zəhərlənmələri neçə növ olur və ən ağırı hansıdır?

- Ən ağır növ kimi, ən çox ölüm halları rast gəlinən Botulizm hesab olunur. Botulizm bilirsiniz ki, düzgün şəraitdə hazırlanmamış konservlərdən olur. Və anaerob şəraitində, yəni oksigen olmayan şəraitdə həmin botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Başqa ağır qida zəhərlənmələrindən taun xəstəliyini deyə bilərik. Çox nadir hallarda buna rast gəlinir. Qalan qida zəhərlənmələri adətən stafilokok və s. kimi mikrob törərədici xəstəliklərdir. Və bunlar da yüngül ağır və orta keçə bilər.

Bəs bağırsaq infeksiyaları zəhərlənmədə nə rol oynayır?

- Bağırsaq infeksiyaları qida toksik infeksiyalarının sadəcə olaraq adıdır. Bu xəstəliklər hamısı eynidir. Bəziləri qida zəhərlənməsi deyir, bəziləri bağırsaq infeksiyaları, bəzsiləri qida toksik infeksiyaları deyir. Bütün bu adlar eyni xəstəliyin sinonimləridir.

TurpKimi.com