Qızmar günəş altında təhsil verən ölkələr - ARAŞDIRMA


Dünyanın müxtəlif ölkələrində isə isti aylarda məktəb və universitetlərdə tədris davam edir. Qış aylarında isə tətil olur. 

qizmar-gunes-altinda-tehsil-veren-olkeler
20.05.2023 23:10 2 dəq oxuma

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin jurnalistlər üçün keçirilən brifinqdə "Məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olardı" deməsi cəmiyyətdə birmənalı qarşılanmadı. İstər pedoqoji heyət, istərsə də təhsil alanlar bu fikrə müxtəlif aspektlərdən yanaşdılar. 

Nazir bu fikrini əsaslandırdı da: “Uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam. Tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı. İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir”. 

Bu fikir sosial şəbəkələrdə, müəllim qruplarında çox müzakirələrə səbəb oldu. Bəziləri razılaşdı, bəziləri isə bunun heç də yaxşı nəticə verməyəcəyindən danışdı.

Tədris ilinin yekunlaşmasına sayılı günlər qalıb. Ölkəmizdə yay fəsli və isti havalarla əlaqədar iyundan sentyabra kimi təhsilə fasilə verilir.

Dünyanın müxtəlif ölkələrində isə isti aylarda məktəb və universitetlərdə tədris davam edir. Qış aylarında isə tətil olur. 

TurpKimi.com  isti aylarda tədrisi davam edən ölkələr haqda kiçik araşdırma edib. 

Meksikada tədris ili avqustun ortalarından növbəti ilin iyulun ortalarına qədər olan dövrü əhatə edir.

Malayziyada orta məktəblər yanvarın əvvəlində açılır və noyabrın ortasına qədər fəaliyyət göstərir.

Yeni Zellandiyada məktəblər  fevralın 7-dən   dekabrın 20-dək fəaliyyət göstərir. 

Şotlandiyada isə dərslər avqustun ortalarında başlayıb növbəti ilin iyunun sonu, iyulun əvvəllərinə kimi aparılır.

Danimarkanın ibtidai və orta təhsil müəssisələrində dərslər avqustda başlayıb növbəti ilin iyun ayına qədər uzanır.

Cənubi Koreyada tədris sistemi çox fərqlidir. Ölkədə dərslər martda başlayır və dekabra qədər davam edir.

Kosta-Rikada dərslər fevralın ilk həftəsində başlayır və noyabrın son həftəsinə qədər davam edir.

Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir.

İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir. 

Texnologiyanın zirvədə inkişaf etdiyi Yaponiyada isə 11 aylıq tədris ili apreldə başlayır və martda başa çatır.

Türkiyə, İran, Belçika, Çin, Çexiya, Macarıstan, İtaliya, İsrail, Estoniya kimi ölkələrdə isə tədris ili bizim ölkəmizdə olduğu kimi sentyabr ayında başlayıb iyun ayında yekunlaşır.

Ümumiyyətlə, təhsilin səviyyəsi tədrisin nə zaman başlayıb bitməsindən asılı deyil. Təhsil sistemi dövrlə və tələblə ayaqlaşıb,  düzgün strategiyaya əsaslanıb, savadlı və peşəkar  kadrlarla  təkmilləşdirilərsə  cəmiyyət üçün faydalı olur. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com