Qurban bayramınız mübarək!
31 iyul - 1 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Pandemiya olmasına baxmayaraq, qurbanlıqların kəsilməsi üçün yeni satış portalı istifadəyə verilib.
Lakin hər ötən il qurbanlıqla bağlı bəzi suallar cəmiyyətimizi maraqlandırır. Bir çoxları suallarına cavab tapa bilməsə də, bəziləri ordan-burdan eşitdiyi məlumatlarla Qurban bayramında kəsilən ətləri özünəməxsus şəkildə paylayır. Evə düşən qurban payın necə bişirilməsi, “qurbanlıq ətdən kabab çəkmək olarmı?” kimi suallar isə insanlar arasında hər zaman şübhə doğurub.
TurpKimi.com-un məlumatına görə Elşad Miri kəsilən qurbanlıq ətindən kabab çəkməkdə bir qəbahətin olmadığını deyib.
İlahiyyatçı, “isti havalarda qurban ətini çiy şəkildə verə bilməyənlər, onu bişirib süfrə arxasında bir qrup insanlarla paylaşa bilərmi?” sualını isə belə cavablandırıb:
“Bu, qurbanı kəsib ancaq özünə istifadə kimi nəzərdə tutulur. Əslində bu, qurbanın mahiyyətinə doğru deyil. Çünki Qurban özü yaxınlaşmaqdır, Allaha yaxınlaşmaqdır. Qurban vasitəsi ilə insanlarla ünsiyyət qurmaqdır. Amma yenə də öz payına düşən hissədən bişirib süfrə arxasında paylaşmaq olar, heç bir problem yoxdur. Lakin paylamaq daha yaxşıdır. Paylayıb, öz payına düşənlə də yenə də başqalarını da dəvət edib süfrə arxasında paylaşmaq mümkündür”.
Firuzə Alimova / TurpKimi.com