Qurdqovan xüsusiyyəti olan - Qırxbuğum-yolotu bitkisinin faydaları


Təbiət bütün xəstəliklərin dərmanını özü yetişdirir. 

qurdqovan-xususiyyeti-olan
09.04.2023 20:47 3 dəq oxuma

Azərbaycan dərman bitkilərinin ən qədim vətənlərindən biridir. Tarix boyu təbiblər bərəkətli düzlərdə yetişən bu bitkiləri yığıb “sağalmaz” deyilən yaralara məlhəm, dərdlərə dərman hazırlamışlar. 

Qırxbuğum bitkisi də müalicəvi bitkilərdən biridir. Ondan kətə, aş, dovğa, qovurma hazırlanır. Nənələrimiz bəlkə də bu bitkinin bu qədər şəfalı olduğunu bilmədən yemək, qutab hazırlayıblar. 

TurpKimi.com xəbər verir ki, qırxbuğuma yolotu, xarmanotu  da deyirlər. Latınca adı  “Polygonum aviculare L”-dir. Növləri çoxdur. Dünyanın bir çox ölkələrində yabanı halda yayılıb. Azərbaycanda isə ən çox  Böyük Qafqazın  qərbi, şərqi, Böyük Qafqazın Quba sahəsinin rayonlarında, yuxarı dağ qurşağından alp qurşağına kimi,  aran bölgələrdə, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində geniş yayılmışdır. Subalp və alp çəmənlərində də bitir. Ona yol kənarlarında, münbit və münbit olmayan torpaqlarda, həyatyanı sahələrdə və s. yerlərdə də  təsadüf olunur.

Qırxbuğum  qol-budaqlı gövdəyə malik ot bitkisidir. Gövdəsi və bütün qol-budaqları çoxlu buğumlardan ibarət olduğuna görə adına qırxbuğum deyirlər.  Kiçik ellipsvari yarpaqları və nəzərə çətin çarpan çəhrayı rəngli xırda çiçəkləri vardır. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. Əsasən iyun ayından payıza qədər çiçəkləməsi davam edir.
Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və toxumları istifadə edilir.

Elmi, praktiki, eksperimental Tibet, Çin və xalq təbabətində, eləcə də homeopatiyada və farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xoraları, dizenteriya, öd kisəsi, böyrək, böyrək daşlarının müalicəsi,  sidik kisəsi, qaraciyər, ağciyər vərəmi, dəri, malyariya xəstəlikləri, şişlər, podaqra, babasil, qanaxmalar zamanı istifadə olunur. Antioksidant, antihelmint-qurdqovucu, fitonsid, sidikqovucu, hərarəti salan, hipotenziv, qansaxlayıcı, büzücü, damargenişləndirici, şüalanmadan qoruyucu, iltihab proseslərinə qarşı və s. təsirə malikdir.

Qırxbuğum sidikqovucu bitki kimi hələ çoxdandır ki, elmi təbabətə və xalq təbabətinə məlumdur.

Bu bitkidən həmçinin vərəm xəstəliyinin, daxili qanaxmalar, yüksək qan təzyiqi kimi xəstəliklərin müalicəsi barədə bir çox mənbələrdə geniş məlumatlar verilmişdir.

Dərman məqsədilə qırxbuğum çiçəkləyən zaman onun yerüstü hissələri yığılıb qurudularaq çay dəmləməsi kimi yeməkdən qabaq gündə 2-3 dəfə içilir. Qırxbuğum çiy və ya bişirilmiş halda qida kimi də yeyilir. Belə qəbul qan təzyiqi yüksək olanlar üçün daha faydalı sayılır.

DİQQƏT!

Qırxbuğumun hamiləlik dövründə istifadəsi ziyandır.

Yol otunun yerüstü hissəsi çiçəkləmədən əvvəl bişmiş halda qida kimi istifadə olunur. Çox vaxt qurudulur və qışda dovğaya əlavə olunur. Bundan başqa qırxbuğumlu plovun hazırlanmasında da istifadə olunur. Ev quşları üçün yem, eləcə də boyaq bitkisidir.

Bəzən qırxbuğum bitkisini digər bir bitki olan qatırquyruğu bitkisi ilə qarışıq salanlar olur. Qırxbuğum əsil kök, gövdə, yarpaq, çiçək və meyvəsi olan çiçəkli bitkilərə, qatırquyruğu isə sporlu bitkilərə aiddir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

13-05-2021