Rənglərin insanların həyatına təsiri - ARAŞDIRMA


Rənglərin insanların ruh aləminə təsir etdiyini bilirdinizmi? İnsanlar adətən qapalı və tutqun havalarda özlərini bədbəxt, günəşli və açıq havalarda isə özlərini daha xoşbəxt hiss edirlər.

renglerin-insanlarin-heyatina-tesiri
12.03.2019 18:54 3 dəq oxuma

Rənglərin buna bənzər insanlar üzərində bir çox təsirləri vardır.

TurpKimi.com rənglərin insanlar üzərində qoyduğu izlər, insanların psixikasına,  əhval-ruhiyyəsinə göstərdiyi təsirlər haqqında araşdırmanı təqdim edir:

Lacivərd (tünd-mavi) rəng

Lacivərd uğurun və gücün rəngidir. Məşhur biznesmenlər xarizmatik və güclü görünmək üçün lacivərd paltar geyinir.  Məşhur loqolarda da diqqət çəkmək üçün göy rəngdən istifadə edilir.

Getdikləri yerdə çox diqqət çəkmək istəməyənlər də adətən lacivərdə üstünlük verirlər. Bu rəng insanların asan qərar verməsinə də təsir göstərir və yaddaşı gücləndirir. Araşdırmalara görə,  gecə geyimi lacivərd olan insanlar yuxudan oyananda yuxularını daha yaxşı xatırlayırlar. Psixoloji narahatlıq yaşayan insanların müalicəsində də lacivərd rəngə üstünlük verilir.

Narıncı

Narıncı ürəkaçan rəngdir və ümumiyyətlə, həyatı təmsil edir. Ona görə də  xaricdəki həbsxanalarda narıncı rəngə üstünlük verilir. İnsanları hərəkətə gətirən xüsusiyyətə malikdir. Revmatizması olan insanlara da müalicə məqsədilə yaxşı təsir göstərir.  Narıncı rəngin uşaq və yataq otaqlarında istifadə edilməsi məqsədə uyğundur. Kitabxana və ya dərs,  iş otaqlarında istifadə edilməsi doğru deyil.

Çəhrayı rəng

Çəhrayı rəng isə xoşbəxtliyin və sevincin rəmzidir. İnsanları sakitləşdirdiyinə görə, psixoloji müalicə mərkəzlərində bu rəngə daha çox üstünlük verilir. Sevginin rəngi kimi də tanınır. Çəhrayı dekorasiyalarla bəzədilmiş otaq insanı sakitləşdirir, daha rahat yatmasını təmin edir.

Qəhvəyi

Qəhvəyi rəng  dostluğun və səmimiyyətin simvoludur. Bu rəngdə geyinən insanlar cəmiyyət içində diqqəti çəkməzlər, ancaq qarşılarındakı insanlara ecazkar rahatlıq hissi verirlər. Qəhvəyi rəng həm də  zehni açır.

Bənövşəyi

Əgər sənətlə məşğul olursunuzsa və ilham pərinizin gəlməsini gözləyirsinizsə, dərhal bənövşəyi rənglərin çox olduğu  yerə gedin. Bənövşəyi zənginliyin və alicənablığın rəngidir. İnsanların müvazinətinə müsbət təsir edir. Tünd bənövşəyi tonlar isə bir az daha çətinlik yaradan rəng tonudur. İntihar edənlərin bir çoxu tünd bənövşəyi tonlarını çox sevir.

Sarı

Canlılığı  ilə  insanlara rahatlıq verən bir rəngdir. İlham verici, ruhlandırıcı xüsusiyyətəri var. Zehni fəaliyyətlə müsbət təsir edir.

Hamımızın bildiyi kimi ağ saflığı və təmizliyi təmsil edir. Təmizliyi təmsil etdiyi üçün də xəstəxanalarda, apteklərdə və tualetlərdə ağ rəngə üstünlük verilir. Ağ insana xoş təsir bağışlayır, ona görə də çox geniş məkanlarda ağ rəngdən istifadə edilir.

Mavi

Mavi rəngi sevən insanlar adətən uğurlu və özünə inamı olan şəxslərdir. Çölə çıxanda mavi səmanı görmək insanı xoşbəxt edir. Xüsusilə, açıq mavinin insan üzərində müsbət təsiri var.

Yaşıl

Yaşıl həyata bağlılığı təmsil edən bir rəngdir. Bu xüsusiyyətini də təbiətin yaşıl tonundan götürüb. Ümidi, yeniliyi və gözəlliyi təmsil edir.

Qırmızı

Ehtirasın və romantizmin rəngi kimi tanınan qırmızının sağlamlıq baxımından da əhəmiyyətli tərəfləri var. Qan axınını sürətləndirir və iştaha açır. Adətən, qırmızının çox olduğu yerlərdə insanlar zamanın necə keçdiyini anlamırlar. Buna görə də gecə klubu, əyləncə mərkəzlərində qırmızı rəngə tez-tez üstünlük verilir.

Vüsalə Əlövsətqızı, Turpkimi.com