Son günlər koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur. Belə ki, bu gün say yenidən 6 mini ötüb.
Bu artımdan narahat olan valideynlər sosial şəbəkələrdə məktəblərin başlanması haqda müzakirələr edirlər. Bir qismi isə məktəblərin bağlanmasına lüzum olmadığını qeyd edir.
Bəs təhsil müəssisələrində hər hansı qapanmaya ehtiyac varmı?
Təhsil üzrə ekspert Kamran Əsədov azxeber.com-a açıqlamasında məktəblərin bağlanmasına ehtiyac olmadığını qeyd edib. O, bildirib ki, vətəndaşlar restoranlarda oturub məktəblərin bağlanmasını istəyirlər:
"Əyləncə mərkəzlərində, restoranlarda oturmağa yer yoxdu, bu gün insanlar oturublar restoranlarda, qəşəng yemək yeyə-yeyə status yazırlar ki, uşaqlar xəstələnib, məktəblər bağlanmalıdır. Əlbəttə, yoluxma artaraq artıq 6 mini ötüb və görünən odur ki, sürətlə daha da artır. Bu, gözlənilən idi. Amma bu insanlar haradasa yoxlanılmaya cəlb edilməlidirlər. Bu gün siz restorana və ya başqa bir yerə gedəndə temperaturunuz yoxlanılmır. Hazırda ölkənin 4 min 432 orta ümumitəhsil məktəbində şagirdlər məktəbə gedəndə hər gün onlar qapıda yoxlanılır. Kimdəsə əlamət varsa, o, məktəbə buraxılmır, kənarlaşdırılır və nəzarətə götürülür. Birdən-birə digər bütün yerləri açıq qoyub məktəbi bağlasaq, 1 milyon insan yoluxma sayına daha kəskin şəkildə öz təsirini göstərə bilər”.
Ekspertin sözlərinə görə, əgər biz tədrisi dayandırsaq, böyük risklərə getmiş olarıq:
"Təbii ki, rəqəmlər narahatvericidir, eyni zamanda məktəblərdən də bununla bağlı fikirlər gəlir ki, məsələn Binə qəsəbəsindən və digər ərazilərdən çoxsaylı müraciətlər var ki, məktəbdə şagirlər və müəllimlər arasında yoluxma var. Bunların bəziləri mövsümi xəstəliklərdir, bəzilər sui-istifadədi. Bu gün ölkədə 11 milyondan çox şəxs vaksin vurdurub. 6 milyon şəxs ikinci dozanı vurdurub. Orta ümumitəhsil müəssisələrində 150 min müəllim var, onun 80 faizi artıq 3-cü doza vaksini də vurdurub. Bu gün ölkə vətəndaşlarının böyük əksəriyyəti ağır, orta və adi dərəcədə koronavirusa yoluxub, sağalıblar. Artıq gündəlik həyat tərzidir. Biz tədrisi dayandırmaqla böyük risklərə gedəcəyik. Bir məqamı deyim, uzunmüddətli qapanmalar vaxtı biz yoluxma sayını azaltsaq da, ölüm sayına təsir göstərməyib. Amma biz məktəbləri qapatmaqla böyük itkilərə gedirik. Buna görə də təhsil müəssisələrinin bağlanmasını uğurlu addım hesab etmirəm. Düşünürəm ki, biz əgər bir də qapanmaya gedəcəyiksə, ümumiyyətlə, məktəbləri tamamilə bağlayıb ləğv etməliyik. Ondansa, hamı onlayn keçsin. Yəni artan rəqəmlər qapanma üçün, əsasən də məktəblərin bağlanması üçün birmənalı şəkildə əsas deyil”.