Sabah Bulvarda atraksionlar - pulsuz olmayacaq


Uşaq günü ilə bağlı Milli Parkda dəyişiklik...

sabah-bulvarda-atraksionlar-pulsuz-olmayacaq
01.06.2019 02:54 2 dəq oxuma

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu il ötən illərdən fərqli olaraq, attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişli olacaq. 

Ötən illərdə bu gün münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişsiz olurdu. 

Dənizkənarı Bulvar idarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı verdiyi açıqlamada 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə tədbir keçirəcəklərini bildirib:

"Bu il ötən illərdən fərqli olaraq, attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişli olacaq.  Lakin Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə tədbir baş tutacaq. Tədbirin əsas təşkilatçısı Qida Təhlükəsizliyi Agentliyidir. Tədbir saat 12-də Kukla Teatrının arxasındakı meydanda baş tutacaq". 

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva açıqlamasında bildirib ki,  mart ayında "Təhlükəsiz qida uşaqların gözü ilə" rəsm müsabiqəsi keçirilib və sabah həm müsabiqənin qalibləri elan olunacaq, həm də uşaqlar üçün nəzərdə tutulmuş tədbir keçiriləcək:

"Rəsmlərin qəbulu may ayının 25-nə kimi idi. Artıq seçim mərhələsi sona yetib. Sabah baş tutan tədbirdə qaliblər mükafatlandırılacaq. Tədbirdə agentliyin rəhbəri cənab Qoşqar Təhməzli, Təhsil Naziri Ceyhun Bayramov və digər dövlət orqanlarının rəsmi nümayəndələri iştirak edəcək".


Aysel Fərziyeva qeyd edib ki, tədbirdə uşaqlar üçün  Abdulla Şaiq adına Kukla teatrının "Oyuq" teatr studiyası tamaşa nömrəsi ilə çıxış edəcək. Eyni adlı teatr "Meyvələrin söhbəti" tamaşasını da təqdim edəcək. Bundan başqa müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə səhnəciklər və uşaqların əylənməsi üçün DJ olacaq. 

TurpKimi.com