Saç şampunlarındakı kimyəvi maddələr - Təbii olan hər şeyi məhv edirlər


Köpükləndirərək saçlarımızı yuduğumuzu zənn edirik...

sac-sampunlarindaki-kimyevi-maddeler
01.06.2022 00:35 2 dəq oxuma

Saça qulluq vasitələrində istifadə olunan bəzi maddələr sağlamlıq üçün olduqca təhlükəlidir.

TurpKimi.com Türkiyə medisına istinadla xəbər verir ki, çox ağır kimyəvi maddə kimi tanınan və təmizləyici məhsulların köpüklənməsində istifadə edilən natrium lauril sulfat saça baxım məhsullarında da olur. Bu maddənin tərkibində kanserogen olaraq tanınan dioksanın da olması şübhəli məsələdir.

Qadın və ya kişi olmasından asılı olmayaraq, xarici görünüşümüzə təsir edən ən vacib aksessuarlardan biri də saçlarımızdır. Hər birimiz saçlarımızın sağlam, parlaq, gözəl və gur görünməsi üçün müxtəlif vasitələrdən istifadə edirik. Bəs istifadə etdiyimiz qulluq vasitələrinin həm sağlamlığımıza, həm də təbiətə nə qədər ziyan vurduğundan xəbərimiz varmı?

Belə ki, satışda olan şampunların böyük əksəriyyətində kimyəvi maddələr var. Şampunların gözəl qoxulu olması və köpükləndirməsi üçün içinə sağlamlığa təhlükəli olan kimyəvi maddələr qatılır. Odur ki, məhsul seçərkən tərkibini oxumağa və daha təbii tərkibli olanını seçməyə çalışın.

SAÇIN TƏBİİ NƏMLİYİNİ YOX EDİRLƏR

Dəri tərəfindən asanlıqla əmilən natrium lauril sulfatlar (SLS) daha çox yuyucu vasitələr, şampunlar, bədən lasyonları, nəmləndiricilər və diş pastalarında olur. Bu kimyəvi tərkib çirk və yağdan qurtulmaq üçün güclü vasitədir. Lakin saç və saç dərisinə faydalı deyil. Saçınızı çox gözəl təmizləsə də, ehtiyacı olan təbii nəmliyini yox edir. Çünki təmizlik vasitələrini köpükləndirən SLS çox ağır kimyəvi maddə kimi tanınır. Həmçinin tərkibində böyrəyin funksiyalarını pozan kanserogen maddə dioksan olduğu da iddia edilir.

ASANLIQLA ƏMİLƏN PARABENLƏR SAÇ DƏRİSİNƏ ZƏRƏR VERİR

Saç baxım vasitələrində istifadə olunan maddələrdən biri də parabenlərdir. Şampunlar, saç kondisionerləri, nəmləndirici kremlər, toniklər, dezodorantlar, ətirlər, təraş gelləri, qaraldıcı kremlər, makiyaj vasitələri, günəş kremi və diş pastalarında olan paraben maddələr kosmetik sənayedə məhsulların ömrünü uzatmaq üçün tez-tez istifadə olunur. Parabenlər dəri tərəfindən asanlıqla sorulur. Saçları qurudur, baş dərisini qıcıqlandırır, saç rənginin solmasına və hətta tökülməsinə səbəb ola bilir. Həssas insanlarda eqzemanın yaranmasına gətirib çıxarır.

Bunun üçün də saç və dəri növünə uyğun məhsul seçin. Bundan başqa, çox köpüklənən şampunlardan uzaq durun. Çünki tərkibində kimyəvi maddələr çox olur. Həmçinin şampun və saç kreminin birlikdə olduğu saça qulluq vasitələrindən istifadə etməyin.

Firuzə Alimova / TurpKimi.com