Saça qulluq dedikdə saçı təmiz saxlamaq və qidalandırıcı maskalardan istifadə etmək ağla gələn ilk şeydir. Burda bir məsələyə çoxları diqqət yetirmir: saç fırçası və daraq. Neçə gündən bir təmizlənir?
TurpKimi.com saç fırçalarının təmizliyindən yazacaq.
Saçınızı tər-təmiz yuyursunuz, amma fırçanı və ya darağı təmizləmək yaddan çıxır. Nə baş verir? Çirkli daraqla saçınızı darayanda saç da sürətlə çirklənir.
Mütəxəssislər bildirirlər ki, saçınızı daramaq üçün istifadə etdiyiniz saç fırçaları ya da daraqları ən azı ayda 1 dəfə dərindən təmizləmək lazımdır. Hətta xüsusi yuma taktikalarından istifadə edə bilərsiniz.
Çirkli daraqlar dəri problemlərinə səbəb olur. Darağın üzərində qalan saç üstünə toz çəkir və bakteriyalar üçün münbit şərait yaranır. Bu da dəridə qaşınma, şişkinlik, kəpəklənmə, saç diblərində səpgilərin yaranmasına səbəb olur.
Ən yaxşı üsul darağı hər dəfə tüklərdən təmizləməkdir. Dərindən təmizlədikdə isə sabundan çox şampundan istifadə etmək lazımdır. Saç darağı çox çirklənibsə və yağlıdırsa şampuna qabartma tozu və ya soda da əlavə edə bilərsiniz.
Ən etibarlı üsul isə belədir:
Darağı və ya fırçanı əlinizlə və ya darağın köməyi ilə tüklərdən təmizləyin. Kiçik bir qabı isti su ilə doldurun və bir xörək qaşığı şampun və qabartma tozu əlavə edin. Fırçaları suyun içinə atıb ən azı yarım saat saxlayın. Daha sonra durulayın və qurudun.
Fırça nə vaxt dəyişdirilməlidir?
Əgər fırçanın üstü çox çirklidirsə, yağlı təbəqə yaranıbsa və saçdan təmizləmək mümkün deyilsə, deməli yeniləməyin vaxtıdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
17-03-2022