Növbənöv ərzaqlar, rəngli paketlər piştaxtalarda çox cazibədar görünür. Gözqamaşdıran dizayn alıcıların sağlamlıq üçün faydalı olan alternativləri düzgün seçməyinə mane olur.
TurpKimi.com marketlərdən düzgün və sağlam alış-veriş etməyin yollarından yazacaq.
Bəzi ipucları
Marketə getməmişdən qabaq siyahınızı hazırlayın, sağlam və qida dəyəri yüksək qidaları istehlak etməyi hədəfləyin. Marketə düşünülmüş şəkildə getmək həm büdcənizə, həm də sağlamlığınıza faydalıdır.
Mətbəx üçün lazım olan ərzaqların və ya ləvazimatların siyahısını hazırlayarkən ən çox diqqət etməli olduğunuz nüans mövsümə uyğun təzə meyvə-tərəvəzlərin öndə olmasıdır. Çünki mövsümündə istehlak edəcəyiniz meyvə və tərəvəzlərin qida dəyəri daha yüksəkdir. Bu da immunitet sisteminizi gücləndirməyə kömək edir. Həm də mövsümündəki yeməklər daha ləzzətli və ekonomikdir.
Həftəlik yemək proqramını da hazırlamaq siyahını tərtib etməyinizdə köməkçi olacaq. Müxtəlif çeşidli meyvə və tərəvəzləri istehlak etmək orqanizmin müxtəlif vitamin və minerallara olan tələbatını ödəyir.
Marketə nizamlı şəkildə getmədikdə isə hazır qidalara tələbat artır. Daha çox fəst-fud, əlüstü yemək sizin artıq çəki almanıza və qeyri-sağlam qidalanmanıza təkan verir. Evdə yemək bişirdiyiniz zaman istifadə etdiyiniz ərzaq və yağın keyfiyyətindən də əmin oluruq. Dəfələrlə istifadə edilmiş bir yağda bişən yemək orqanizmi zəhərləyir və hüceyrələri kansoregən təsirə məruz qoyur.
Alış-verişə ac qarına getmək normalda istehlak etməyəcəyiniz qidaları satın almağınıza səbəb olur. Qida dəyəri yüksək yeməkləri seçmək daha sağlam olmanızı da təmin edəcək. Yüksək kalorili atışdırmalıqlar yerinə quru meyvə və çərəzlər ala bilərsiniz. Hətta sosial mediada gördüyünüz sağlam atışdırmalıqları evdə sınamaq sağlam bəslənməyə olan motivasiyanızı artıracaq.
Şəkərli və qazlı içkilər sırasından alacağınız hər içki orqanizmə əlavə kalori qazandırmaq deməkdir. Bunun alternativi olaraq da evdə təzə meyvə ilə dadlandıracağınız mineral sudan istifadə edə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
29-07-2020