Sağlam beyinə və güclü yaddaşa sahib olmaq üçün  - 10 qida


Beyin sağlamlığını qorumaq üçün stresdən uzaq durmaq, sevdiklərinizlə vaxt keçirmək ən təsirli üsullardan biridir. Ancaq işin qidalanma tərəfini də unutmamaq lazımdır.  

saglam-beyine-ve-guclu-yaddasa-sahib-olmaq-ucun
15.04.2021 16:06 2 dəq oxuma

TurpKimi.com bu 10 qidanı mütləq bəslənmə siyahınza daxil etməyinizi məsləhət görür.  

Beyin sağlamlığını qoruyan və yaddaşı gücləndirən 10 qida...

Avokado 

"Ən sağlam meyvə" kimi adlandırılan avokado beyin sağlamlığı üçün faydalı olan  doymamış yağ turşuları və E vitamini ilə zəngindir. Naharda, salatlarda hətta şirniyyatlarda istehlak edə biləcəyiniz avokado yüksək kaloriyə malikdir. İstehlak edərkən miqdarına fikir verin. Bir avokadonun dörddə biri təxminən 60 kaloridir.

Qoz

Aparılan araşdırmalara görə  qoz yaddaşı və zehni gücləndirir. Qoz yüksək nisbətdə Omeqa-3 ehtiva edir. Omeqa-3 isə yaddaşı gücləndirən bir element kimi  qəbul edilir. Qozun içində olan Omeqa 3,  düşünmə qabiliyyətini və qavramanı yaxşılaşdırır,  revmatoid  artrit, eqzema və sədəf xəstəliyinin müalicəsində  olduqca faydalıdır.

Balqabaq (boranı)

Narıncı rəngli  qidaların əksəriyyətində olan narıncı piqmentlər,  antioksidantlar  ürək və beyin sağlamlığı üçün  faydalıdır. Liflə zəngin, kalori baxımından isə aşağı olan balqabağı süfrənizdən əskik etməyin. 

Qara paxla

Qara paxla ölkəmizdə o qədər məşhur deyil,  amma  dünya mətbəxinin imtinaedilməz bir ərzağıdır. A və B vitaminləri cəhətdən zəngin olan  qara paxla  B2, B3, B6, B9 vitaminlərini də ehtiva edir. Zəngin qida dəyəri  ilə beyin sağlamlığını qoruyur, kolon xərçəngi ilə mübarizədə təsirlidir. 

Köri 

Köri Hindistan və Pakistan da daxil olmaqla Cənub Şərqi Asiya ölkələrində istifadə edilən qarışıq ədviyyat növüdür. Tərkibində sarıkök və sumax da olur. Xüsusilə ağ ətlərdə istifadə edilir.   Aparılan araşdırmalarda köri  istehlak edən fərdlərin istehlak etməyənlərə görə daha yaxşı zehni performansa malik olduğu sübut edilib.  Sübut kimi Hindistandakı yaşlı fərdlərin Alzheimerə tutulma riski ABŞ-dan  daha azdır. 

Arpa 

Arpa kimi kəpəkli taxıllar xolesterolu aşağı salır  və beyin sağlamlığına  kömək edən  B vitaminləri və lif baxımından zəngindir. Ağ düyü və ya makaron yerinə arpa seçin.

Yaşıl çay

 Min illərdir istehlak edilən yaşıl çay xərçənglə mübarizədə çox önəmli yer tutur. Araşdırmalar yaşıl çayın parkinson və Alzheimer xəstəliyini önlədiyini də ortaya çıxardı.

Qəhvə

 Qəhvə beyin sağlamlığı üçün olduqca faydalıdır. Son zamanlarda Alzheimer ilə əlaqədar  olan araşdırmalara əsasən  qəhvə ilə yaddaş arasında dərin bir əlaqə var. Qəhvəni yaşa görə dəyərləndirmək lazımdır. Uşaqlıq dövründə istehlak edilən qəhvə beyinə zərər verə bilir. Yetkinlik dövründən sonra içilən qəhvə isə yaddaşa müsbət təsir edir.  

Yer fındığı 

Yer fındığı sinir sisteminin işinə müsbət təsir edir,  Alzheimer riskini də azaldır. Ancaq yer fındığının allergik xüsusiyyətini və yüksək kalorili olduğunu da unutmayın. Gündə 15/20 ədəd  istehlak etmək kafidir. 

Qatıq 

Zəngin  kalsium anbarı olan qatıq tərkibində olan tirozin ilə yaddaşı gücləndirir. Qatıq və digər süd məhsullarından gündə ən az 2 boşqab (süd, ya da qatıq) istehlak etməyə diqqət edin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com