Fidyə nədir və kimlərə verilir?
Fidyə oruc tuta və buna gücü çata bilməyənlərin yoxsul şəxslərə hər günə qarşılıq verdikləri maddi dəstəyə deyilir.
TurpKimi.com bildirir ki, 11 ayın sultanı olan Ramazan ayı İslam dünyasının ən xeyirli aylarından biridir. Sağlamlığı yol verən insanlar İslamın 5 şərtindən biri olan oruclarını bir ay ərzində tutmağa çalışarlar.
Lakin bununla yanaşı sağlamlığında problem olduğu üçün oruc tuta bilməyən kəslər də vardır. Oruc tuta bilməyən şəxslər fidyə adı altında yoxsul və vəziyyəti pis olanlara maddi dəstək olurlar. Buna da İslamda əmr edildiyi kimi fidyə deyilir.
Qurani-Kərimdə “oruc tutmağa gücü çatmayanlar bir yoxsulu doyuzduracaq qədər fidyə ödəyər” qeyd edilməkdədir (Əl-Bəqərə, 2/184).
Ona görə də sağlamlığı icazə verməyən və şəfa ümidi olmayan xəstəlikdən dolayı oruc tuta bilməyən şəxslər, bu orucları daha sonra qəza etmək imkanı da olmasa, hər günə qarşılıq fidyə ödəməlidir.
Fidyənin miqdarı nə qədərdir?
Fidyənin miqdarı bir insanı bir gün doyuzduracaq yemək və ya bunun pul qarşılığı qədərdir. Fidyə verməli olan, amma buna maddi imkanı çatmayan şəxs Allahdan əff diləyər.
Həmçinin uzun günlərdə oruc tuta bilməyən xəstə və yaşlı insanlar qısa günlərdə oruc tuta bilirsə, tuta bilmədikləri orucları qısa günlərdə qəza edə bilərlər. Bu zaman onların verdikləri fidyələr sədəqə sayılır.
Oruc fidyələri Ramazan ayının sonunda birlikdə verilə bildiyi kimi, Ramazan ayı boyunca hər gün və ayın lap əvvəlindən də verilə bilər.
Oruc fidyəsi kimlərə verilə bilməz?
Ramazan fidyəsi zəkat verilən insanlara verilə bilər. Yəni bir insan fidyəni öz nəvəsinə və ya uşağına verə bilməz. Bununla yanaşı babaya, anaya, ataya, nənəyə, nəvəyə, xanımına, övlada və kafirə fitrə vermək mümkün deyil. Əgər gəlin, bəy, qayınana, qayınata, ögey uşaq və qayın kimi qan bağı olmayan qohumlar arasında kasıb, yoxsul olanı varsa, onlara fidyə verilə bilər. Xala, dayı, əmi, bibi kimi qan qohumluğu olan yaxınlara fitrə vermək daha çox səvabdır.
Firuzə Alimova / TurpKimi.com