Evdə edəcəyiniz KERATİN RESEPTİ
“Keratin botoks” və ya “Braziliya saç baxımı” adlandırılan saç düzləşdirmədən siz də istifadə etmisiniz? Son zamanlar sosial mediada hara baxsan, bu xidmətin həm reklamına, həm də saçlarını düzləşdirən xanımların görüntülərinə rast gəlinir. Düzdür, düz və parlaq saçlar insanı heyran edir, buruq saçlardan əziyyət çəkənlərin isə işinə yarayır. Lakin təsiri bir neçə ay davam edən keratinin sağlamlığa vurduğu ziyan az deyil.
TurpKimi.com salonlarda bəh-bəhlə qadınlara faydalı saç baxım məhsulu kimi sırıdılan kimyəvi tərkibli keratinin ziyanlarından bəhs edəcək. Əlbəttə, kimyadan anlamayan, istifadə etdiyi məhsulun tərkibindən xəbəri olmayan birinin salonda bu məhsulu tərifləməsi normaldı. Bəs əslində necədir?
KERATİN NƏDİR?
Keratin saçları, dırnaqları və dərimizi formalaşdıran bir proteindir. Keratinin tətbiqi ilə zədələnmiş saçlar köklərindən yumşalmağa başlayır və düzləşir. Ancaq bu məhsullarda həddən artıq formaldehid var. Ona görə də bu metodun Avropa və Kanadada istifadəsi tamamilə qadağan edilib. Hətta aparılan tədqiqatlarda formaldehidin olmadığı məhsullarda belə bu zəhərin olduğu aşkar edilib.
Keratin haqqında gerçəklər
Bahalı proses olan keratin baxımının sağlamlıq riskləri də yüksəkdir. Belə ki, keratin-botoks yarı-qalıcı şəkildə saçları düzləşdirir. Bunun üçün müvəqqəti olaraq keratin kompleksi maye şəklində saçlara istiliyin köməyi ilə möhürlənir. Məhsulun içərisində olan formaldehid və ya proses zamanı onun yaranmasına səbəb olan kimyəvi maddələr həm nəfəs yolu, həm də dəri vasitəsiylə əmilir, xərçəngin yaranmasına səbəb olur.
Orqanizm təbii yollar vasitəsiylə az miqdarda formaldehid hazırlayır. Biz onu ancaq nəfəs yolu ilə siqaret tüstüsündən, işlənmiş qazlardan, odun və kömürlə işləyən ocaqlardan qəbul edirik. Salonlarda işləyənlər isə keratin-botoksun tətbiqi zamanı ortaya çıxan formaldehidi bol miqdarda ciyərlərinə çəkirlər.
Xərçəng xəstəliyindən başqa, formaldehidə məruz qalan insanların mərkəzi sinir sistemi zədələnir. Bu zaman baş ağrıları, depressiya, yuxusuzluq, narahatlıq, dincliyin pozulması, diqqət əksikliyi, əlillik, yaddaşın itməsi kimi problemlər yaranır.
Folmaldehidin mənfi təsiri həm dərhal, həm də aylar sonra üzə çıxa bilir. Yaşaran, içi yanan gözlər, boğazda qıcıqlanma, burnun qanaması kimi simptomlar formaldehidə məruz qalarkən baş verir.
Saçlarınız havalanmır
Ümumiyyətlə, saç düzləşdirmə prosesində keratin kəlməsini unudun. Çünki bu, sadəcə bazarda satışı artırmaq üçün istifadə edilən termindir və saçları düzləşdirmək üçün keratin təkbaşına kifayət etməz. Mayə şəklində olan təbii keratin saçları qidalandırar, amma düzləşdirməz. Keratin adı altında saçlarımıza yeridilən formaldehid saçlarımızın üzərini təbəqə formasıda bağlayır və nəfəs almasına mane olur.
Bir balaca kimya dərsi...
Hər saçın bağları var. Düzləşdirmə zamanı bu bağları qırsanız qıvrım saçlar düzləşəcək. Ammonium tioqlikolat və natrium hidroksid həmin bağları qalıcı olaraq qırır və “Yapon düzləşdirici” və ya “Braziliya düzləşdirici” adlandırılan metodlar saçların kimyəvi tərkibini dəyişir. Bununla da saçlarınız 2-5 ay müddətinə düz qalır. Əgər bir stilist və ya saç baxım şirkəti saçları yumşaldan formulun tərkibində formaldehidin olmadığını deyirsə, düz danışmır.
Bütün saç düzləşdirmə medotlarında formaldehid var. Formaldehid qızdırıldıqda metilen qlikol, formalin, metanal və metanol olur və ya suyla qarışdırdıqda sərbəst buraxılır. Odur ki, saçlarınıza nəsə tətbiq etməzdən əvvəl formaldehidin və ya ona bərabər maddələrin olub-olmadığını özünüz araşdırın.
Evdə keratin baxımı...
Evdə saçlarınıza keratin saç baxımı etmək çox asandır. Hətta bunu salonlardan fərqli olaraq formaldehidsiz etməyiniz mümkündür. Bunun üçün:
2 xörək qaşığı təbii keratin saç maskası (doa keratin);
450-500 ml keratin;
2 çay qaşığı E vitamini;
2 çay qaşığı B5 vitamini;
Məhsulları qarışdırıb saçlarınıza sürtün. 30-40 dəqiqə saxladıqdan sonra saçlarınızı qurutmanız kifayət edir.
Yazılıb: 03.04.2021-ci il
Firuzə Alimova / TurpKimi.com