SARS haqqında yeni faktlar ortaya çıxdı


Son zamanlar SARS-CoV-2-nin qapalı məkanda havada qalma əlamətləri ortaya çıxmağa başlayıb.

sars-haqqinda-yeni-faktlar-ortaya-cixdi
15.05.2020 22:24 3 dəq oxuma

“Report” xəbər verir ki, bu barədə məlumat jurnalist Kristina Berndtin Almaniyanın “Süddeutsche Zeitung” nəşrində yer alan araşdırmasında öz əksini tapıb.

Bildirilib ki, sosial məsafəni gözləmək infeksiyadan qorusa da, virusun güman edilən yeni xüsusiyyəti işi çətinləşdirə bilər.

Məqalədə qeyd olunub ki, sosial məsafənin qorunmasına baxmayaraq, Vaşinqtondakı “Skagit Valley Chorale” xorunun yalnız bir vokalçısının virusa yoluxması bütün xoru koronavirus daşıyıcısı edib. Belə ki, martın 10-da xorun üzvləri repetisiyada görüşüblər. Onlar görüşdən öncə salamlaşmaq məqsədilə qucaqlaşıb öpüşməməyə qərar veriblər. Ancaq repetisiya fəlakətə çevrilib. Vokalçının SARS-CoV-2 daşıyıcısı olması 60 nəfərlik xordan 57 nəfərin virusa yoluxmasına yol açıb. Üstəlik, yoluxanlardan 3 vokalçı xəstəxanaya yerləşdirilib, 2 nəfər isə ümumiyyətlə, dünyasını dəyişib. Virusun sadəcə bir görüşdə belə geniş miqyasda yayılması mütəxəssisləri koronavirusun daha bir xüsusiyyəti ilə üz-üzə qoyub. Belə ki, onların fikrincə, virus yalnız asqıraq, öskürək və ya nəm danışıq zamanı, yəni hava-damcı yolu ilə deyil, həm də aerozol formasında yayıla bilər. Söhbət adi nəfəsalma və danışıq zamanı (hələ-hələ oxuyarkən) havaya düşən və orada uzun müddət qalan damcılardan gedir.

“Fikrimcə, koronavirusun aerozol yolu ilə keçmək ehtimalı mövcuddur”, - nəşrə açıqlamasında Berlinin koronavirus üzrə mütəxəssisi Kristian Drosten bildirib. O, həmçinin insanların ifraz etdiyi virusların yarısının aerozolda aşkarlanmasına dair Honkonq araşdırmasına da işarə edib.

Müəllif bildirir ki, virusun aerozol yolu ilə ötürülməsi təsdiq olunarsa, bu, görülən qorunma tədbirlərinə də təsir edəcək. Çünki məsafə aerozol deyil, məhz hava-damcı yolu ilə keçən infeksiyadan qoruyur. Aerozol zərrəciyinin diametri 5 mkm-dən də (0,005 mm) az olduğuna görə onlar havada uzun müddət qalırlar. Bir az böyük zərrəciklər isə mənbəyi olduğu insanın ətrafına enirlər və buna görə də 1,5-2 metr məsafə saxlamaq tövsiyə edilir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi Vaşinqtondakı vokalçıların bir-birinə yaxın oturması, üstəlik, bəzilərinin bir-biri ilə peçenye ve portağallar paylaşmasına baxmayaraq, oxuma faktının özü belə aerozolların ətraf mühitə ifraz edilməsi yolu ilə infeksiyanın yayılmasına yola aça biləcəyini bildirib.

Berlinin koronavirus üzrə mütəxəssisi Kristian Drosten

Virusun aerozol yolu ilə ötürülməsi faktları, təkzibedilməz olmasa da, durmadan artır. Hələ mart ayında ABŞ-ın Montana Universitetinin alimləri “New England Journal Of Medicine” jurnalına SARS-CoV-2-nin xırda damcı formasında qaldığını açıqlayıblar. Araşdırmaçılar eksperimentin sadəcə laborator şəraitdə keçirildiyini də vurğulayıblar. Alimlər aerozolu viruslarla dolu olan maye qurğusu vasitəsilə ifraz ediblər. Laborator şəraitdə keçən eksperimentin sonunda məlum olub ki, zərrəciklər düz 3 saat havada qala biliblər. Üstəlik, eyni vaxt qədər onlar yoluxdurma iqtidarında olublar.

Bundan başqa, Sinqapur, həmçinin ABŞ-ın Nebraska ştatının alimləri COVID-19 pasiyentlərinin olduğu otaqda tərkibində virus olan aerozollar aşkarlayıblar. Maraqlıdır ki, bu aerozollar pasiyentdən 2 metr aralı məsafədə olub. Virusun mənbəyi sayılan Uhanda da koronavirus xəstələrinin çox olduğu hospitalların birində aerozolların yüksək qatılığı aşkarlanıb.

Ancaq buna baxmayaraq, bütün bunlar koronavirusun aerozol yolu ilə yayıla bilməsinin birbaşa sübutu deyil.

“Koronavirusların havada aerozol formasında qalmasını isə biz 2003-cü ildə Honkonqun “Amoy Gardens” yaşayış kompleksindəki epidemiya alovlanmasından bilirik”, - K.Drosten bildirib.

O zaman virus, yoluxanlardan daha yüksək mərtəbələrdə yaşayanlar da daxil olmaqla, 300 nəfərə ötürülmüşdü.

Virusun aerozol yolu ilə ötürülməsi məsələsi çox vacibdir. Çünki bunun əsasında insanların bir-biri ilə təmasda olması ilə bağlı yeni tövsiyələr yazıla bilər. Məsafənin qorunması hava-damcı yolu ilə ötürülən virusa qarşı yenə də yaxşı tədbir olaraq qalır. Aerozol məsələsinə gəldikdə isə, buna açıq hava və havanın oynaması yardımçı ola bilər, çünki havanın hər axını virusları dağıdır, aerozolları isə parçalayır.