Saxta edvgerial saytı yaratdılar - Diqqətli olun!


Vətəndaşların nəzərinə: ƏDV-ləri geri alarkən diqqətli olun.

saxta-edvgerial-sayti-yaratdilar
17.11.2023 23:16 1 dəq oxuma

Sosial şəbəkələrdə "ƏDV GERİ AL” prosesi saxtalaşdırılıb. Bununla bağlı məlumatlar müxtəlif müzakirə qruplarında paylaşılıb. Belə ki, vətəndaşları aldatmaq üçün saxta "www.edv-geri.com” saytı yaradılıb.

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən (ETX) Oxu.Az-a faktı təsdiq ediblər.

ETX-dən bildirilib ki, kiberdələduzlar tərəfindən "www.edv-geri.com” adı altında saxta veb-sayt yaradılıb:

"Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlarını, daha sonra isə yığılan ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad göstərməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi tövsiyə edir”.