SAXTA telefon və adapter ORİGİNALDAN necə ayırd edilir?


Gözlə görülən ən adi xırda şeylər belə məhsulun saxta olduğundan xəbər verir.

saxta-telefon-ve-adapter-originaldan-nece-ayird-edilir
24.04.2019 22:32 3 dəq oxuma

Son 10 ildir ki, mobil texnologiya çox inkişaf edib. Hər yeni modellə birlikdə qiymətlər daha da yüksəlir, ağıllı telefonlar yeni özəlliklər qazanır. Bazarda müxtəlif markaların fərqli modelləri, bununla yanaşı mobil bazardan qazanc əldə etmək istəyən səxtakarlar da var.

TurpKimi.com təqdim edəcəyi yazıda saxta və gerçək telefon arasındakı fərqləri izah edir:

QUTU və BAĞLAMASI

Telefonun qutu və bağlamasına hər zaman diqqət edin. Original məhsul xüsusi və diqqətli şəkildə bağlanır. Bağlamasında müəyyən uyğunsuzluq və səhv olmur. Lakin saxta məhsullar səliqəsiz bağlamaya və qutuya sahib olurlar.

QUTUNUN ÜZƏRİNDƏKİ YAZILAR

Qutunun üzərindəki yazılar da saxta cihazı ələ verən nüanslardan biridir. Yazıların oxunan və səliqəli olmasına diqqət edin. Yanlış və ya səliqəsiz bağlama yazıların oxunmasına mane ola bilər. Yazıların fonu və şriftlərin çapı da səliqəsizdir? Həmçinin yazıların hansı dildə olduğuna mütləq fikir verin.

ORİGİNAL TELEFONLAR JELATİNLƏ BAĞLI OLUR

Bir telefonun, xüsusilə də “iPhone”nun saxta olduğunu göstərən nüanslardan biri plastik materialla mühafizə olunmasıdır. Lakin “iPhone” plastik materialın içində olmur. Üzərində jelatin qoruması olur və telefon həm öndən, həm də arxadan jelatin yapışqanla mühafizə olunur.

MƏHSULLARIN ÜZƏRİNDƏ OLAN YAZILAR

Original telefonlarda (qutudan çıxan digər hissələrdə də) markanın və məhsulun adı xüsusi yazı üslubunda və rəngdə yazılır. Odur ki, yazılarda olan rənglər və tərtib kimi kiçik görünən dəyişiklikləri gözardı etməyin. Saxta telefonlarda markanın adı, loqosu və ya cihazın adı fərqli yazıla bilər.

İSTİFADƏ KİTABÇASI

“İstifadə kitabçası” telefonun original olduğunu isbat etmək üçün gözəl üsuldur. Adətən kitabçalar telefonu alan ölkənin dilində olur. Bəzi saxta məhsullarda istifadə kitabçasının dili fərqli ola, hətta qutunun içərisindən həmin kitabça çıxmaya bilər.

MƏHSULUN MATERİALI

Original telefon istehsalçıları detallara çox əhəmiyyət verirlər. Telefon, adapter, kabel, qulaqlıq kimi digər hissələr hamar və qüsursuz olur. Cihaz və ya aparatların üstündən, hər hansı yerindən çıxıntı çıxmaz, ilişməz. Saxta məhsullar original kimi qüsursuz səthə sahib olmur və originalla müqayisədə parıltısız, yəni mat (donuq rəngdə) olurlar.

ŞARJ CİHAZLARI (ADAPTERLƏR)

Original adapterin plastik səthi hamar və daha parlaq görünüşə sahib olur. Lakin saxta telefonların adapterlərində bu təfsilatlara diqqət edilmir. Adapterlərin üzərindəki yazıya baxmağı da unutmayın. Saxta məhsulların adapterlərində originalda olmayan əlavə simvollar olur. Bundan başqa, loqo da bir qədər fərqli olur.

DİZAYNDAKI FƏRQ

Saxta və original telefonlar arasındakı müəyyən fərqlər dizayndakı detallarda da bəlli olur. Məsələn, “iPhone 6” və onun saxta modeli arasındakı fərq adapterin və qulaqlığın taxıldığı yerdir. Saxta telefonlarda həmin yerlər səliqəsiz və markaya uyğun olmayan dizaynda hazırlanır.

ADAPTERİN KABELİ VƏ TELEFONA TAXILAN YERİ

Saxta telefonlarla originallar arasındakı ən böyük fərq adapterin telefona taxıldığı yerdir. Məsələn, “iPhone” “lightning” portundan istifadə edir. Saxta “iPhone”da isə USB girişi var. Eyni şey android telefonlar üçün də keçərlidir. Artıq android telefonlarda  USB-C portu istifadə edilir, lakin saxta telefonlarda USB-C yerinə köhnə növ USB girişi olur.

EKRAN

Telefonun ekranı ən üzdə olan hissələrdən biridir və saxta olub-olmadığı dərhal aydın olur. Həmçinin saxta telefonların ekranı daha az sürətə və reaksiyaya malik olur. Şəkildən də gründüyü kimi sağ tərəfdəki telefon saxta, soldakı originaldı. İşıq saxta telefonun ekranında aydın şəkildə görünür. 

İŞLƏMƏ SİSTEMİ FƏRQLİDİR

Saxta telefonlara fərqli işləmə sistemi yüklənir. “iPhone”dan misal göstərsək, bu telefonlarda iOS işlətmə sistemi vardır. Saxtalarında isə iOS yerinə Android işlətmə sistemi olur. Sadəcə interfeys iOS kimidir.

Bununla yanaşı, saxta android telefonlarda da proqram versiyasına diqqət edin. Java telefonları android kimi görsənə bilir. Ona görə də telefon haqqında olan hissədən proqram versiyasına nəzər yetirin. Əgər original “iPhone”dursa, Parametrlər+Ümumi+Haqqında bölməsində iOS versiyası yazılır. Əgər original android telefondursa, versiya nömrəsi Parametrlər+Telefon haqqında bölməsində Android versiyası nişanı altında, məsələn 7.1.2,8.0.0  və ya 4.4.4 şəklindədir. Saxta telefonlarda isə versiya nömrələri əlaqəsiz şəkildə 32.568.55 kimidir.

Firuzə Alimova / TurpKimi.com