"Övladlarımı kədərləndirməyin, Allah da..."
106 il bundan əvvəl Çanaqqala döyüşündə iştirak edən və 1915-ci il 7 iyun tarixində Seddülbahir döyüşündə şəhid olan piyada Cebecioğlu İbrahimin şəhadətindən təqribən 1 ay əvvəl - 3 may 1915-ci ildə yazdığı məktub nəvələri tərəfindən 106 ildir qorunur.
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, məktub 9 il bundan əvvəl kəndin imamı tərəfindən gün işığına çıxarılaraq ərəb dilindən türk dilinə tərcümə edilib.
106 il bundan əvvəl şəhidin ata ocağına göndərdiyi məktub oxuyan və dinləyən hər kəsi kədərləndirib. Məktubda Çanaqqala dastanınını yazan əsgərlərin hansı çətin şərtlər altında sarsılmaz iman ilə necə qəhrəman olduqları, nələr hiss etdikləri, ürəklərində vətən sevdası ilə həsrətlərini anlamağa vəsilə olan məktub, ailəsinin səyi nəticəsində günümüzə qədər gəlib çatıb. Məktubda ən çox döyüş bölgəsində olan əsgərlərin ailələrinə olan həsrətləri aydın hiss olunur.
Araşdırmaçı-yazar Hüseyin Lütfi Ersoy məktubun insana təsir etdiyini, hər sətirinin dərin məna verdiyini, sanki şəhid olacağını hiss edərcəsinə qələmə aldığı məktubu sadəcə kəndinə deyil, bütün vətən əhlinə, oxuyan, dinləyən hər kəsə, gələcək nəsillərə yazıldığını ifadə edib.
3 may 1915-ci ildə Çanaqqaladan Elfaniyə göndərilən şəhid Cebecioğlu İbrahimin məktubu:
“Mərhəmətli, xeyirxah, əziz atam Mehmet Ağaya! Sonsuz istək və hörmətlə salam verib xeyirli duanızı istəyirəm. Əgər məni soruşursunuzsa, əlhəmdülillah, duanızın bərəkəti ilə aciz bədənim sağlamdır və sizin ömrünüzün uzun olması üçün gecə və gündüz dua etməkdəyəm.
Atam! Sizin orada əzab-əziyyət çəkib-çəkmədiyinizdən narahatam. Bundan başqa dərdim, qəmim yoxdur. Bizim üçün də narahat olmayın. Yalnız xərclik üçün çox dardayam. Hər nə qədər sizdən çəkinərək istəsəm də, pul çatmır, çətin məsələdir. Duanıza və sizə möhtacam. Allah Təala Qurani-Kərimdə xəbər verir ki, “qullarımdan biri Allah yolunda döyüşərsə, o quluma hər kim yardım edərsə, mən də ona qiyamət günündə yardım edərəm” buyurur. Təbii, siz bədənən yardım edə bilmərəsiniz.
Atam...atam...Uca Allah məni sənə bağışlasın. Sizi də yanınızda olan 3 övladıma bağışlasın. Onları kədərləndirməyin, bu kifayət edər mənə. Siz onları kədərləndirmədiyiniz üçün Allah da qiyamət günü umduğunuz dərəcələrə qaldırar sizi inşəallah.
O tərəflərdə bizi bilib soruşan qonşulara, qohumlara, bu məktubu oxuyan əfəndilərə, dinləyən camaata - hər kəsə tək-tək xüsusi salamlarımı göndərirəm.
Allahdan dözümlü olmanızı və salamat qalmanızı diləyirəm.
Məktub göndərmək istəsəniz, 5-ci korpusa məxsus, 14-cü diviziyada, 42-ci Alayın birinci taburunun ikinci divizionunda, 3-cü manqada İbrahim...
3 may 1915-ci il / Çanaqqala, Seddülbahir döyüşü...
Məktubu yazdıqdan 34 gün sonra, 7 iyun 1915-ci ildə şəhid olan İbrahimin məktubunun bir müddətdən sonra ailəsinə çatdığı bildirilir.
Firuzə Alimova / TurpKimi.com