Diyabet xəstələri üçün yeni bir ümid olan stevia bitkisi dadlandırıcı kimi istifadə edilir.
Şəkər otu kimi də bilinən stevia Paraqvay mənşəlidir. Bu bitki emal edildikdən sonra şəkərə nisbətdə 300-400 dəfə daha çox dadlandırıcı xüsusiyyət qazana bilir. Bu möcüzəvi bitkinin ən əsas xüsusiyyəti isə qana insulin ifraz etmədən beyinə çatmasıdır.
Təbii və faydalı
TurpKimi.com xəbər verir ki, stevia rebaudiana Cənubi Amerikanın Quarani xalqları tərəfindən 1500 ildən çoxdur ki, istifadə olunur və onu “Ka'a He'ê” (Şəkər Otu) adlandırırlar. Yarpaqları Braziliya və Paraqvayda yüz illərdir ənənəvi olaraq yerli çaylar və dərmanlara dad vermək üçün “şirin müalicə” kimi istifadə edilir.
Bu bitki Valensiya Universitetinin botanika üzrə professoru, ispan botaniki və həkim Petrus Jacobus Stevusun (Pedro Jaime Esteve 1500-1556) şərəfinə stevia adlandırılıb. Stevia bitkisi ilk dəfə olaraq 1899-cu ildə İsveçrəli botanik Moyses Santyaqo Bertoni tərəfindən Şərqi Paraqvayda etdiyi axtarışlar nəticəsində kəşf olunub.
Artıq uzun müddətdir ki, yaponlar steviadan qida və alkoqolsuz içki (Coca-Cola daxil olmaqla) istehsalında istifadə edirlər. Digər ölkələrdən fərqli olaraq, Yaponiya stevianın 40 faizindən çoxunu istehlak edir. Bu gün Şərqi Asiya ölkələrində, xüsusilə də Çində (1984-cü ildən), Koreya, Tayvan, Tayland və Malaziyada stevia, şirinləşdirici olaraq, içkilərdə və digər qida məhsullarında geniş istifadə olunur. “Şəkər otu”, “bal otu” adlandırılan stevia sözün əsl mənasında möcüzəvi bitkidir. Steviozidin 50 qramı 10 kq şəkəri əvəz edə bilir. Həmçinin azkalorilidir, 100 qram steviada yalnız 18 kalori var. Stevianın kimyəvi tərkibi olduqca zəngindir. Burada efir yağları, E, B, D, C, PP vitaminləri, amin turşuları, dəmir, mis, kalium, fosfor, sink, selen, maqnezium və s. kimi orqanizm üçün vacib maddələr var.
Steviadan hazırlanan təbii şəkər əvəzedicisi kimyəvi şəkər əvəzedicilərlə müqayisədə ziyansızdır və bütün dünyada qida sənayesində (şirniyyatların, yoqurtun, saqqızın və s. məhsulların istehsalında) geniş istifadə olunur.
Stevia şəkərdən daha faydalı hesab edilir. Bu səbəbdən son zamanlar sağlam həyat tərzi sürənlər qidalanmada şəkəri stevia ilə əvəz edirlər.
Bütün dünyada şəkərdən istifadəyə görə xəstəliklərin artması ilə istifadəsi də geniş yayılan stevia təbii dadlandırıcı kimi toz və həb şəklində istifadə edilə bilir. Şəkər otu bitkisi dəri və bağırsaq narahatlıqlarına yaxşı təsir edir, tək zərəri həzmdə yaratdığı çətinliklərdir.
Stevia bitkisinin müalicəvi xüsusiyyətləri:
qanda şəkərin səviyyəsini tənzimləyir,
arterial təzyiqi aşağı salır,
qanda xolesterinin səviyyəsini aşağı salır, damarları aterosklerozdan qoruyur
orqanizmi ziyanlı maddələrdən təmizləyir,
iltihabları azaldır,
bağırsaqlara antiseptik təsir göstərir,
immun sistemini möhkəmləndirir,
metabolik prosesləri sürətləndirir, arıqlamağa kömək edir,
dərinin vəziyyətini yaxşılaşdırır,
xərçəng xəstəliyindən qoruyur.
Steviadan çox faydalı və dadlı çay hazırlamaq da olar. Bunun üçün 1 xörək qaşığı stevia yarpaqlarını 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənməli və adi çay kimi qəbul olunmalıdır. Bu içki iştahanı azaldır və bununla da arıqlamaq istəyənlərə kömək edir. Bəzi ölkələrdə stevia ekstraktı hazır məhsul kimi supermarketlərdə satılır.
Stevianı ev şəraitində otaq bitkisi kimi də yetişdirmək olar. Ona baxmaq xüsusi qulluq tələb etmir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com