Dərslər sentyabrın 1-də, yoxsa 15-də başlayacaq?
"Sentyabr ayında pandemiyanın vəziyyətindən asılı olmayaraq, Azərbaycanda orta və ali məktəblərdə tədris prosesi əyani şəkildə təşkil ediləcək”.
TurpKimi.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, buna ümid verən amillərdən biri 18 yanvardan etibarən start verilən vaksinasiya prosesidir:
"Ümumilikdə indiyədək ölkə üzrə 2 milyondan çox insan peyvənd olunub. Hazırda 4447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır ki, onların da 50 faizdən çoxu vaksinasiya prosesinə qoşulub. Eyni zamanda, təhsil alan 182 min tələbə də kütləvi şəkildə peyvənd vurdurur. Vaksinasiyanın sürətli getməsi normal həyata qayıdış üçün bir vüsətdir. Necə ki, İsrail və ABŞ-da bu prosesin tam şahidiyik. Azərbaycanda da proseslərin bu şəkildə olacağı birmənalı şəkildə gözlənilir”.
Ekspert deyib ki, ali və orta ixtisas müəssislərində tədrisin təşkil ilə bağlı proqram hazırlanır:
"Dərslərin sentyabrın 1-də yoxsa 15-də başlayacağı hələlik müzakirə olunur. Bununla bağlı yaxın vaxtlarda qərar qəbul ediləcək. Məsələ burasındadır ki, ənənəvi təhsilin bərpası zamanı onlayn dərslər müddətində hansı materiallar zəif keçirilibsə, onlara qayıdılacaq. Çünki onlar öyrədilmədən tədrisin növbəti mərhələ üçün təşkili keyfiyyətli olmayacaq”.
K.Əsədov paralel olaraq onlayn dərslərin də keçiriləcəyini istisna etməyib:
"Orta məktəblərdə idman dərsinin, qalanları əyani olmaqla, ali məktəblərdə isə humanitar fənlərin distant formada keçirilməsi planlaşdırılır. Texniki və təbiət fənləri, laboratoriya işlərilə bağlı fənlər ənənəvi qaydada, digərləri distant keçiriləcək.
Təbii ki, pandemiya bitmədiyindən, ara məsafəsi gözləniləcək, dezinfeksiya işləri aparılacaq, qruplarda və patokda tələbələrin sayı azaldılacaq. Ənənəvi tədrisin bərpası zamanı ali təhsil müəssisələrinin işi iki dəfə artacaq”.
TurpKimi.com