Sərinləşdirici suların satışı və istehlakı zamanı yol verilən səhvlər - Alarkən diqqətli olun!


Yayda insanların sərinləmək üçün düşündüyü ilk şey sərinləşdirici sulardır. Sərinləşdirici suların satışı və istehlakı zamanı yol verilən səhvlər hansılardır və nələr düzgün əməl olunmur?

serinlesdirici-sularin-satisi-ve-istehlaki-zamani-yol-verilen-sehvler
18.05.2021 20:09 2 dəq oxuma

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Cavidan Quliyev “Report”a açıqlamasında bildirib ki, suyun orqanizmə faydalarını nəzərə alaraq yetkin yaşda olan insanlar çəkisinin hər kiloqramına 40 qram su istehlak etməlidir.

Onun sözlərinə görə, orta hesabla 70-75 kiloqram çəkidə olan insanlar 2,5-3 litr su içməlidirlər:

“Su məhsullarının çeşid çoxluğu və əlçatanlığı insanlara geniş imkanlar verir. Bəzi hallarda isə məhsulların çoxluğu müəyyən problemlər yaradır. Qablaşdırılmış su məhsulları alarkən istehlakçıların diqqət etməli olduqları üç məqam var. Bunlardan birincisi, məhsulların saxlanma şəraitidir. İkincisi etiket məlumatlarına və yararlıq müddətinə baxılmalıdır. Sonuncusu isə bu məhsulların orqaniklik göstəricilərdir. İçməli sular təkcə sadə qazlı mineral sularla yekunlaşmır. Eyni zamanda alkoqollu, şəkərli, qazlı, meyvə suları və kofein tərkibli energetik içkilər də içməli sulara aiddir. Bunların da hər biri müxtəlif qablaşmalar içində isteklakçılara təqdim olunur”.

Mütəxəssis bildirib ki, mütləq məhsulun satıldığı yerə diqqət etmək lazımdır:


“Yəni məhsullar etiketdə göstərilən saxlanma şəraitinə müvafiq saxlanılmalı və satışı həyata keçirilməlidir. Yəni, günəş şualarının birbaşa təsirinə məruz qalmamalıdır. Çünki bu məhsulların yararlılıq müddətini və qida dəyərini qoruyub saxlaması üçün soyuq və sərin yerdə saxlanılması məqsədə uyğundur. Bu məhsullar yüksək temperaturda və günəş şuaları ilə təmasda olarsa, xüsusilə də plastik qablarda olan suların tərkibində müəyyən dəyişikliklər baş verir. Plastik qabdan suların tərkibinə toksik maddələr daxil ola, qablaşma daxilində müəyyən mikrobioloji proseslər gedə bilər. Belə olan halda məhsullar keyfiyyət göstəricilərini itirir və istehlak üçün yararsız olur. Bu da insan orqanizmində problemlərə yol açır. Yuxarıda sadaladığım üç məqamdan kənara çıxma baş verərsə, həmin məhsullarda yaranmış hər hansı bir nöqsan yekunda onu istehlak edən insanın oqranizmində problemlər yaradır”.

C.Quliyev əlavə edib ki, bəzən insanlar məhsulun sonuncu istehsal tarixinə diqqət etmirlər:

“Yayın qızmarında insanlar çox susadıqları üçün ilk görüdükləri mağazaya girib suyu alıb içirlər. Amma istehsal və istehlak tarixinə mütləq baxmalıdırlar. Vaxtı keçmiş suların heç bir faydası yoxdur, əksinə insan orqanizmi üçün bəzi fəsadlar yarada bilər”.