"Şeşrəngi" necə hazırlanır? - Qarabağ mətbəxi-Laçın təamı


Qarabağ mətbəxi Azərbaycanın ənənəvi milli mətbəx mədəniyyətinin tərkib hissəsidir. Tarixən başqa regionların mətbəxləri ilə qarşılıqlı təmasda zənginləşən Qarabağ mətbəxi eyni zamanda həmin regionları da zənginləşdirmişdir.

sesrengi-nece-hazirlanir
20.10.2022 11:13 1 dəq oxuma

Bundan sonra Qarabağ mətbəxinin təamlarını daha tez-tez dadacayıq. 

TurpKimi.com Laçın rayonunun sevimli təamlarından olan "Şeşrəngi"nin hazırlanmasından yazacaq. 

Laçında böyük mərasimlərin arzulanan yeməyi "Şeşrəngi" həm aş qarası kimi, həm də ayrıca xörək kimi verilir.

Tərkibi:

Qoyun və ya dana əti – 2 kq.
Soğan – 1 kq.
Kişmiş – 1 kq.
Zoğal axtası (quru zoğal) – 250 qr.
Şirin alça turşu – 100 qr.
Ərik qurusu – 200 qr.
Xurma – 250 qr.
Şəkər tozu – 100 qr.
Alma qaxı (qurusu) – 100 qr.
Kərə yağı – 350 qr.
Yumurta — 6 ədəd.

Hazırlanması:

 Reseptdə qeyd olunan kişmiş, zoğal, alça, ərik, alma qaxı təmiz yuyulur, elə nəm halda üzərinə şəkər tozu əlavə edilib bir kənara qoyulur.

Ət doğranılır, qaynadılıb bişirilir, süzülür, suyu ayrıca qabda saxlanılır. Soğan fal –fal doğranılır, kərə yağında qızılı rəng alana kimi qovrulur.

Qovrulana yaxın ət əlavə olunub qarışdırılır. Əvvəlcədən şəkər tozunda saxlanılan ərzaqlar, həmçinin xurma əlavə olunur, bayaqkı ət suyu tökülür. Yemək yağa düşənədək bişirilir. Xörək yağa düşəndən sonra geniş qaba qoyulur, bişmiş yumurta fal-fal doğranılıb, yeməyin üzərinə masada olacaq adamların sayına görə düzülür.

Yeməyin yanında ayrıca düyü də süzüb verə bilərsiz.

Nuş olsun!

Mənbə: T.Əmiraslanov və A.Əmiraslanovanın “QARABAĞ MƏTBƏXİ” kitabı

Saytda ilk dərc olunub: 15-11-2020