Seyid Onbaşının hekayəsi - Çanaqqala döyüşündə qəhrəmanlıq göstərən TÜRK ƏSGƏRİ


İnanclı və məqsədli insanların VƏTƏN üçün həyatları bahasına apardıqları mübarizə yolu...

seyid-onbasinin-hekayesi
12.05.2022 19:04 3 dəq oxuma

Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə Osmanlı İmperiyasının ordusundan 250 min əsgər şəhid olduğu halda, qarşı tərəf də 252 min itki verir. 15 yaşındakı türk uşaqların belə Vətənini müdafiə etmək üçün gözünü qırpmadan cəbhəyə qaçdığı bu döyüşdə, qarşı tərəfin ordusunda bu meydana niyə gəldiyini bilməyən, nə üçün savaşdığının fərqində olmayan on minlərlə gənc əsgər var idi. Biri Vətənini müdafiə etmək üçün döyüşürdüsə, digəri səbəbini bilmədən məcburi döyüşə gətizdirilirdi.

Silah və döyüş sursatının tükəndiyi, ümidsizliyin yarandığı bir vaxtda həm əsgər yoldaşlarını qurtarmaq, həm də Vətənini qanının son damlasına qədər müdafiə etmək üçün bir insanın təkbaşına edə bilməyəcəyi bir işi bacardı Seyid Əli Çabuk. 276 kilo ağırlığında olan mərmini belində daşıyaraq topun ağzına yerləşdirməyi bacarır. Atılan o topla düşmən gəmilərindən biri batırılır, beləcə döyüşün taleyi dəyişir.

İnsan inandığı an sərhədləri yıxıb keçə, imkansızları mümkün edə bilir.

Qoca Seyid uzun illər boyu heç vaxt top mərmisini qaldıraraq müharibənin gedişatını dəyişdirməsindən danışmayıb. Düz 11 ildən sonra Atatürk Havrana (Körfəz bölgəsində Balıkəsir əyalətində bir rayondur) gəlir və rayon başçısına: “Burda Seyid Onbaşı olmalıdır, mən onu görməliyəm” deyir. Rayon başçısı çox təəccüblənir. Çünki Seyid Onbaşının hansı kənddə yaşadığını, ümumiyyətlə kim olduğunu bilmir.

Növbəti gün jandarmalarla birlikdə axtarışlar başlayır, amma heç bir nəticə əldə edilmir. Seyid Onbaşı dağa kömür almağa gedibmiş. Axşam evinin qarşısında jandarmaları görən kimi istər-istəməz qorxur. Oğurluq kömürə görə cəzalandırılacağını düşünür və qaçmaq istəyir. Bu zaman jandarma Seyid Onbaşıya “Qaçma!” deyərək səslənir.

Seyid Onbaşı: “Günahım nədir ki? Niyə evimin qarşısında məni gözləyirsiniz?”, - deyə soruşur.

“Paşa səni çağırır”, - deyə jandarma cavab verir.

“O zaman dərhal gedək”, - deyə qarşılıq verir.

Amma Seyid Onbaşı Ankaraya necə gedəcək? Bir anlıq dayanıb düşünür. Ayağındakı səndəl belə yırtılıb, üst-başı isə tökülür. Bu vəziyyətdə Ankaraya gedib Paşanın qarşısına çıxa bilməz. Həm qatar pulu da yoxdu.

“Paşa səni Harvanda gözləyir”, - jandarma deyir.

Seyid Onbaşı bundan məmnun olur. Dərhal rayon başçısının yanına aparılır. Rayon başçısı görür ki, Qoca Seyidin üst-başı pərişan haldadır. Gecə vaxtı bir bərbər tapıb üzünü qırxdırır. Öz pencəyini Qoca Seyidə geyindirir, amma qolları qısa olur, qabağı da bağlanmır.  Qoca Seyidi bu vəziyyətdə Atatürkün qarşısına çıxarırlar.

“Xoş gəldin, Paşam”, deyir Qoca Seyid.

“Əsil sən xoş gəldin”, - Atatürk cavab verir: “İki gündür səni gözləyirəm, haradaydın?”

"Dağdaydım, Paşam, keçilərimin yanındaydım” - deyə qarşılıq verir Qoca Seyid.

- Nə iş görürsən?

- Çobanlıq edirəm, paşam.

Qoca Seyidin istəklərini yerinə yetirmək arzusunda olan Atatürk “Nə istəyərdin? , - deyə soruşur. “Sən döyüşün taleyini dəyişdirdin. Bu millət sənə borcludur. Nə istədiyini söylə. O vaxt da səndən soruşduq, yemək istəyirəm dedin, amma 2 gündən sonra onu da istəmədin, geri qaytardın, yemədin. Onda sənə maaş verək”.

Qoca Seyid: “Olmaz!” deyə qəti şəkildə cavab verir. “Biz o gün borcumuzu yerinə yetirdik. Maaş almaq üçün etmədik bunları”.

Yazılıb: 19.07.2020-ci ildə...

Firuzə Alimova / TurpKimi.com