Sinə implantı edən analar süd verə bilərlər? - Həkim AÇIQLADI


Bəzi əməliyyatlar zamanı süd vəziləri zərər görə bilər...

sine-implanti-eden-analar-sud-vere-bilerler
02.08.2023 18:07 1 dəq oxuma

“Bu, son illər çox aktual mövzudur. Amma həkim olaraq ana olmaq istəyən gənc qızlara tövsiyə edərdim ki, sinə əməliyyatından çəkinsinlər”.

Bu barədə Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva nazirliyin rəsmi “Instagram” səhifəsində ana südü ilə bağlı məlumat verərkən deyib.

O bildirib ki, bəzi əməliyyatlar zamanı süd vəziləri zərər görə bilər:

“Sinə nahiyəsində estetik əməliyyatların edilməsi müəyyən problemlərə yol aça bilər. Bundan qaçmaq lazımdır. Ana südünün verilməsində çətinlik yarana bilər. Ümumilikdə sinədə yaralar, hətta mastit olanda belə ana südünün verilməsində əks-göstəriş olmur. İmplant qoyulan sinələrdə belə süd əmələ gəlməsində problem yoxdursa, bu süd sorulmalıdır. Əks təqdirdə bu, anaya problem yarada bilər. Hətta bu problem xərçəng xəstəliyinə qədər gətirib çıxara bilər. Ona görə də ana olmaq arzusunda olanlar bu məsələlərə diqqətli yanaşmalıdırlar. 

Əgər sinə kiçildilməsi və s. əməliyyatlar artıq icra olunubsa, heç bir əlavə problem yoxdursa, ananın uşağa süd verməsinə yenə də heç bir əks-göstəriş yoxdur. Süd vəzilərində heç bir zədələnmə yoxdursa, deməli, uşağın qidalanmasına mane olacaq vəziyyət yoxdur ”.

Oxu.az / TurpKimi.com