Tütünsüz dünyanı ilk növbədə övladlarımız, nəvələrimiz üçün istəməliyik. Məqsədimiz vaxtınızı almaq deyil, sağlamlığınızın qeydinə qalmaqdır.
31 May Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir. Mübarizəyə siz də qoşulun.
Bir anlıq bu sualı özünüzə verib, cavablandırın.
Gündə 1, ayda 30, ildə 365 qutu, ömür boyu ortalama 15 min ədəd siqaret çəkmək sizə nə qazandırır?
Qeyri-sağlam bir həyat, boşa gedən pul, ictimai əlaqələrin pozulması, təklik, stress, və s. Bütün bunlara dəyərmi?
TurpKimi.com tüstüsüz dünya üçün çabalayan, güc sərf edənlər üçün vacib bilgiləri təqdim edir:
Siqaretin zərərləri haqda çox danışılıb. Siqaret tüstüsünün verdiyi zərəri atom bombasının ətrafa saçdığı zəhərlə müqayisə edirlər.
Siqaretin ölüm saçan təsirləri
Ümumilikdə siqaret bütün orqanizmin fəaliyyətinə çox pis təsir göstərir, həzm sistemini pozur, tənəffüs orqanlarında müxtəlif xəstəliklər yaradır.
Ağciyər və qırtlaq xərçənginin yaranma səbəbinin 90%-i siqaretlə bağlıdır. Qan dövranı sistemini pozur.
Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə infarkt və infarktdan ölüm halları 10 dəfədən çox müşahidə edilir.
Siqaret çəkənlərdə yaddaş zəifləyir. Buna səbəb damarlarda kirəclənmənin olmasıdır.
Əhval-ruhiyyə pozulur, dəridə qırışlar yaranır və s.
Bildiyimiz kimi, orqanizmdə bütün proseslər zəncirvari şəkildə bir-birilə əlaqədardır. Bunlardan birinin zədələnməsi digərlərinə də avtomatik şəkildə təsir edir.
Siqareti çəkmək üçün bəhanələr və həlli yolları
Siqaret çəkənlərin çox zaman düşündükləri yanlış fikirlər bunlardır:
Sinirlərimi sakitləşdirir: Siqaret çəkmək yerinə dərindən bir neçə dəfə nəfəs almanız və ya qurtum-qurtum bir stəkan su içməniz daha təsirli olacaqdır. Bu həm də ağciyərinizin sağlam olması deməkdir.
Məni canlandırır: Səhər-səhər bir siqaret çəkmək bəlkə də yuxunuzun qaçmasına kömək edə bilər. Bunun yerinə əl-üzü soyuq su ilə yumaq və 5 dəqiqə idmanla məşğul olmaq daha yaxşıdır. Bu həm də tez qocalmanızın qarşısını alır.
Sıxıntılarımı aparır: Birini gözlərkən sizin zamanınızın keçməsi üçün bir siqaret yandırmanız bəlkə də biraz sıxıntılarınızı aparır. Ancaq bunu qəzet, jurnal və ya kitab oxuyaraq, meyvə və ya çərəz yeyərək də edə bilərsiniz. Həm də xərçəng xəstəliyinə tutulma riskiniz olmaz.
Düşünməmə kömək edir: Əslində siqaret çəkməsəniz, daha yaxşı düşünərdiniz. Çünki hər nəfəs alanda siqaret təxminən 100.000 beyin hüceyrəsini öldürür.
Kökəlməmə mane olur: Unutmayın, bir neçə kilo kökəlməyiniz sağlamlığınız üçün lazımsız ola bilər, ancaq siqaret sizi sürətlə ölümə aparır.
Siqaretdən zövq alıram, ya da siqareti sevirəm: Bir insanın quru, üstəlik zəhərli, ölüm saçan bir otu sevməyi çox düşüncəsiz bir hərəkətdir.
Siqareti niyə tərgitməliyəm?
Siqaret orqanizmin, insanlığın, insanın, bütün bəşəriyyətin düşmənidir. Siqareti tərgitmək üçün sonsuz sayda səbəblər vardır. Bunlardan ən əsası sağlamlığa dəyər vermək, müxtəlif xəstəliklərin qurbanına çevrilməmək, ətrafdakı insanların sağlamlığını düşünmək, özündən böyüklərə və özündən kiçiklərə nümunə olmaq, həyatdan daha yaxşı zövq almaq, həyatı utanmadan rahat yaşamaqdır. Sadəcə bunu fikirləşin: Üstünüzdən nikotin iyi gəlməyəcək. Dişləriniz sağlam və şəffaf görsənəcək. Üzünüz güləcək, rənginiz açılacaq.
Siqareti tərgidən kimi orqanizmdə nələr baş verir?
- 20 dəqiqə sonra: Qan dövranı tənzimlənir. Buna görə də əllər və ayaqlar isinməyə başlayır.
- 8 saat sonra: Qanda oksigenin həcmi artır. Ürəyin fəaliyyəti normallaşır.
- 24 saat sonra: Zəhərli maddə olan karbon-monoksid orqanizmdən xaric olur. Ağciyərlərdəki bəlğəm azamağa başlayır.
- 48 saat sonra: Nikotin orqanizmdə artıq olmur. Dad və qoxu hiss etmə qabiliyyəti normala dönür.
- 72 saat sonra: Tənəffüs yolları tüstüdən tam təmizləndiyi üçün nəfəs almaq asanlaşır.
- 2-12 həftə sonra: Qan dövranı bütün bədəndə düzəlir. Yerimək asanlaşır.
- 3-9 ay sonra: Öskürək, nəfəs darlığı düzəlir. Ağciyərin fəaliyyəti yüzdə 5-10 nisbətində artır.
- 5-10 il sonra: İnfarkt riski heç siqaret çəkməmiş biri ilə bərabər olur. Ağciyər xərçənginə tutulma riski azalır.
Siqareti necə tərgitməli?
Gündə 1, ayda 30, ildə 365 qutu, ömür boyu ortalama 15 min ədəd siqaret çəkmək sizə nə qazandırır?
Qeyri-sağlam bir həyat, boşa gedən pul, ictimai əlaqələrin pozulması, təklik, stress, və s. Bütün bunlara dəyərmi? Bir anlıq bu sualı özünüzə verib, cavablandırın. Siqareti tərgitmək üçün mütəxəssislərin verdiyi məsləhətlərdən bəzilərini nəzərinizə çatdırırıq:
- Siqareti tərgitmək üçün ilk növbədə özünüzü, psixologiyanızı və iradənizi hazırlayın. Siqareti tərgitmə gününü təyin edin.
- Hər gün çəkməyə vərdiş etdiyiniz siqaret sayını azaldın və 1-ə endirin. Daha sonra tədricən çəkməyin. Onun əvəzinə nanəli konfet yeyin və ya apteklərdə nikotin saqqızı satılır. Eləcə də müxtəlif tibbi üsullar var. Məsələn, elektron siqaretlər. İmkanınız varsa, onlardan alıb istifadə edin.
- Siqareti atmaq niyyətiniz haqda heç kimə heç nə deməyin. Evdəkilər sizi güdəcək, tanışlar isə lağ üçün bəhanə axtaracaqlar. Siqareti atmasanız, sizi iradəsiz, sözü bütöv olmayan sayacaqlar. Amma özünüz özünüzə uduzsanız, bunu təkcə siz biləcəksiniz. Bunu da unutmayın ki, siqareti çox az adamlar birdəfəyə, yəni ilk cəhddə tərgidə biliblər. Tanınmış amerikalı yazıçı Mark Tven belə deyirdi: "Siqareti buraxmaq çox asandır. Mən bunu min dəfə etdim". Cəhd göstərməkdən çəkinməyən. İradəniz güclü olsa, alınacaq.
- Bir ay və bir il ərzində nə qədər pulu tüstüyə çevirdiyinizi, bu pula evə, ailə üzvlərinizə nələri ala biləcəyinizi hesablayın. Siqaretdən tam imtina etməsəniz də, gündəlik "norma"nı azaldın. Siqaretə gündəlik çəkdiyiniz xərcləri yığın. Sonda tərgitsəniz özünüzü mükafatlandırın.
- Siqaret çəkmək, bir növ, sürü psixologiyasına uymaqdır, sosiallaşmanın bəlalı tərəflərinfəndir. Çəkənlərin 80%-i siqareti nikotin asılılığından deyil, bekarçılıqdan, darıxanda, vaxt öldürmək üçün çəkir və ya iş yerində, məhəllədə, çayxanada söhbət zamanı çəkənlərə baxıb "dəstədən geri qalmırlar".
- "Mən siqaret çəkmək istəmirəm", "O mənim və ailəmin düşmənidir", "Siqaret məni qəbirə aparır" cümlələrini ürəyinizdə tez-tez təkrar edin. Siz bununla toxumalarınıza və şüuraltına mesaj və əmr göndərirsiniz. Onlar sizi dərhal eşidəcəklər. Çünki Krayon demişkən, "hüceyrələriniz istənilən məsələ ilə bağlı sizdən əmrlər gözləyir, siz bu əmri səsləndirən kimi, toxumalar sanki sevinir: "Sahibimizin bundan xoşu gəlir, gəlin onun dediyini tez-tez və təkrar-təkrar edək".
- Siqaret çəkmək istədikcə keçirdiyiniz hissləri bir gündəliyə yazın. Psixoloji olaraq özünüzdən bu "yükü" uzaqlaşdırmaq üçün sizi rahatladacaq yolları seçin.
- Siqaret çəkilməyən məkanlarda dincəlməyi seçin. Ətrafdakıları da sizə qoşulmaq üçün təşviq edin. Beləcə siqareti tərgitməyə aparan yolda tək qalmazsınız.
- Səhər yuxudan oyananda bədəniniz nikotin istəyir. Nikotinin "səhər tələbatı"ndan qurtulmaq üçün toxumlardan çay dəmləyib için. Hərəsindən 1 çay qaşığı çovdar, yulaf və darı toxumlarından çay içəndə nikotinin "səhər hücumu" puça çıxır.
- Mentol və vanil də siqaret çəkmək istəyini zəiflədir. Nitroqliserinli pambığa mentol, yaxud vanil səpib siqaret istəyi oyananda onu iyləyin. Amma təkrar istifadə məqsədilə onu ağzıbağlı qabda saxlamaq lazımdır ki, iy çəkilməsin.
- 1 çay qaşığı quru yovşanı 2-3 saat dəmə qoyub sonra süzgəclə süzərək gün ərzində bacardığınız qədər için. Aptekdən biyan kökünün dəmləməsini alıb gündə 3 dəfə 25-30 damcı qəbul edin.
- Siqareti tərgidəndə əhval dəyişir, qıcıqlanma güclənir. Bu məqamda sakitləşdirici dəmləmələr faydalıdır. Bərabər həcmdə pişikotu, nanəcövhər, zirə və razyananın 2 xörək qaşığı qədərində qarışığına 0,5 litr qaynar su əlavə edib, 2-3 saat dəmdə saxladıqdan sonra bunu dərin stəkana 1 xörək qaşığı bal qataraq gündə 2 dəfə için.
- Nikotin asılılığından qurtarmaqda çəhrayı radiol da sizə dayaq ola bilər.
15-20 damcı aptek dəmləməsini hər gün 3 dəfə saat 08-09.00, 11.00-12.00 və 14.00-15.00 radələrində 50 q suda həll edərək birnəfəsə için.
- Siqaretlə tam vidalaşmağa kəhrəba da kömək edir. Bu şəfalı daş insanı sakitləşdirir, əhvalı düzəldir. Kəhrəbadan düzəldilmiş oyuncağı - təsbeh və s. - həmişə oynadın. İstifadə edilməmiş kəhrəba müştük də sizə "təsəlli" verə bilər - onu ağzınıza alsanız, həm sizi sakitləşdirəcək, həm də siqaret çəkməyəcəksiniz.
Siqareti atmaq istəyənlər necə qidalanmalıdırlar?
Siqaret alüdəçiləri qidalanmaya xüsusi diqqət göstərməli, meyvə-tərəvəz məhsullarını çox istehlak etməli, səhər yeməyindən imtina etməməlidirlər. Araşdırmalara görə, siqaret çəkənlərin orqanizmində C, A, E, B qrupu vitaminləri çatışmır. Diyetoloqlar təsdiq edirlər ki, pomidor, bibər, badımcan, lobya, xiyar, kərəviz, alma, üzüm, nanəli konfetlər, quşqonmaz və süd siqareti atmağa kömək edir. Bu vərdişdən tez qurtarmaq üçün kofe, çay və kola içkisindən imtina etmək lazımdır. Tərkibində kofein olan bütün ərzaqlar siqaretdən alınan həzzi artırır. Siqareti atmaqda çətinlik çəkənlərə mütəxəssislər çoxlu sitrus meyvələri, güclü antioksidant kimi soğan, sarımsaq yeməyi məsləhət görürlər. Onlar siqaret çəkənlərin orqanizmində çatışmayan "C" vitamini ilə zəngindirlər. Hər gün mütləq 1000 mq C vitamini qəbul edilməlidir.
Araşdırmalar göstərib ki, tərkibində çoxlu maqnezium olan məhsullar, xüsusilə dənəli bitkilər və tərəvəzlər insanlarda siqaret çəkməyin zərərini azalda bilir. Bundan başqa, finlandiyalı mütəxəssisələr siqaret çəkənlərə maqneziumla zəngin məhsullar, o cümlədən, paxla, yerfındığı, paltus balığı, ispanaq və istridiyə (yeyilən dəniz ilbizi) qəbul etməyi məsləhət görürlər.
Siqaretin bədəndə səbəb olduğu toksik maddələrin atıla bilməsi üçün ən yaxşı vasitə sudur. Bu səbəblə, hər gün ən az 2-2.5 litr (12-14 su stəkanı) su içilməli, maye ehtiyacının qarşılanmasında cökə, adaçayı, itburnu çayı, açıq çay kimi içkilər seçilməlidir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Əlaqəli linklər: