Uşaqlara şirin çayı qadağan etmək olarmı?
“Mən şirin çaya yanlış kimi baxmıram. Beyin sadə karbohidrat və qlükozayla qidalanır. Məsələn, hərdən beyninizin key kimi olduğunu, nə deyilsə sizə çatmadığını hiss edə bilərsiniz. Lakin bir stəkan şirin çay və yaxud şokoladla kofe içəndə sanki gözünüzə işıq gəlir. Yəni beyin şirniyyat, sadə karbohidratlarla qidalanır. Ona görə də bütün pasiyentlərimi pəhriz zamanı beyni qidalandıran şirniyyatlardan uzaq tutmuram”.
TurpKimi.com bildirir ki, tanınmış dietoloq Dr. Lalə Cəfərli insanlara səhv olaraq yeridilən və əsassız şəkildə qadağan olunan şirin çayın həm uşaqlara, həm də böyüklərə əhəmiyyətindən danışıb.
“Pasiyentlərimizin pəhrizlərində şirniyyat mütləq var, ən çox da səhər yeməklərinə daxil edirəm ki, beyin daim oyaq qalsın. Beyindəki neyronlar məhv olmasınlar. Beyni bütün günü ac ruh kimi saxlayan dieta bizə lazım deyil. Yəni “dietadayam” deyib, şirin şeylərdən tamamilə uzaqlaşıb beyindəki neyronların ölməsinə zəmin yaratmaq yanlışdır. Düzdü, çox vaxt bəzi pasiyentlərimə şirin çay yazmıram, amma uşaqların pəhrizlərində şirin çay olur. Xüsusən də, səhərlər şirin çay içməyə icazə verirəm. Çünki uşaqların orqanizmi inkişaf edir və onların pəhrizləri böyüklərdəki kimi hər şeydən məhrum ola bilməz. Böyüklər də pəhrizlərində hər şeydən məhrum deyil, sadəcə onların düzgün qida rejimi var. Pasiyentlər hər qidanı qəbul etməlidirlər, ancaq onların aktivliyini artırmaq lazımdır. Uşaqları isə düzgün qidaya istiqamətləndirmək vacibdir. Ümumiyyətlə, gün ərzində həm böyüklər, həm də kiçiklərə bir stəkandan çox şirin çay içmək olmaz.
Böyüklərin şirniyyat yeməyi, şirin çay içməsiylə bağlı bir nüansı qeyd edim: əgər səhərlər istədiyimiz kimi qidalanıb axşama qədər digər qida rejimlərini normada saxlasaq çəki alan deyilik. Ümumiyətlə, hormonal balansı normada olan insan çəki almır, bu problemi yaşamır. Çəki almağa meyilliyiksə, hormonların hansındasa problem var. Çünki bədənə piy hüceyrələrinin toplanması maddələr mübadiləsi və hormonların pozulması ilə əlaqəlidir”.
Dietoloq insanların uzun illər vərdiş etdiyi qidalanmanı qadağan etməyin çox yanlış bir seçim olduğunu qeyd edib:
“Bir insan şirin çayı həddən çox sevirsə və deyirsə ki, şirinçaysız qala bilmirəm, həmin pasiyentin rasionundan şirinçayı qətiyyən çıxartmaq olmaz. Bu qadağayla onun orqanizminə stress vermiş olarıq, çünki orqanizmi şirin çay içməyə vərdiş olub. Şirinçay onsuz da pasiyentin rasionundan çıxarılacaq, amma müəyyən vaxtdan sonra, yəni orqanizmi stressə salmadan... Stressə düşərsə bədən daha çox şirniyyat tələb etməyə başlayacaq. Ona görə də bədəni yavaş-yavaş düzgün qidaya yönəltmək lazımdır.
Məsələn, işini mükəmməl bilməyən kardioloqlar ürək xəstəsi olan pasiyentlərinə “sən siqareti tamamilə atmalısan” deyir. Bu qətiyyən əks fikirdir. Çünki 2 aydan sonra həmin pasiyentin infarkt olub ölmə riski 99 faizdir. Siqaretdən istifadə tamamilə deyil, ən azından 50 faiz azaldılmalıdır. Bu, bədənin 30-40 ildir alışdığı vərdişdi. Siqareti birdən-birə kəsəndə bədən stressə girir. Lakin bizə lazımdır ki, bədəni xarici və daxili stress faktorlarından qoruyaq”.
Firuzə Alimova / TurpKimi.com