Şirniyyatdan asılılıq narkomaniyadakı asılılığa bərabərdir.
“Orqanizmdə Mg və B qrup vitaminləri çatışmayanda, daha çox şokoladlı məhsulları yeməyi sevirik. Şokoladın tərkibində isə həmin mikroelementlər az olduğuna görə, bədən bizdən onu davamlı tələb eləyir. Amma həddindən çox yediyimiz üçün müəyyən vaxtdan sonra bizim bu istəyimiz get gedə böyüyür. Səbəbi orqanizmə lazım olan B qrup vitamin və ya maqneziumu (Mg) az miqdarda verməyimizdir. Az verdiyimiz və orqanizm həmin qidalardan mikroelementləri az aldığı üçün davamlı bizdən onları yeməyimizi istəyir. Nəticədə, müəyyən müddətdən sonra şirniyyatdan çox istifadə etdiyimiz üçün bizdə insulin problemi yaranmağa başlayır. Buna səbəb mədə altı vəzin sıradan çıxması olur”.
Bu haqda dietoloq Dr. Lalə Cəfərli TurpKimi.com-a danışıb:
"Bədənə birdən-birə qlükoza düşdüyünə görə, mədəaltı vəz məcburdur normadan artıq insulin ifraz etsin. Bu halda bizdə get-gedə insulin rezidentliyi yaranmağa başlayır. İnsulinin normadan artıq olması bizi karbohidratlardan asılı olmağa gətirib çıxarır. Fikir verirsiniz ki, əvvəllər ancaq şokolad istəyirdinizsə, indi təndir çörəyi, un məmulatları, tort yeməyi sevirsiniz. Yəni insanlar elə bir hala gəlirlər ki, onlar sırf bu şirniyyatdan asılı olurlar. Onları yeməyəndə özlərini pis hiss edirlər, hətta əlləri əsir. Çünki mikroelementlərin çatışmazlığından yaranan bu tələbat nəticədə hormonal pozulmaya gətirib çıxarır. İnsulindən asılı vəziyyətə düşürük. Artıq şirniyyatdan asılılıq tamam başqa bir mərhələyə keçir. Daha sonra şirniyyat hormonal balansı da pozmağa başlayır".
Şirniyyatdan asılılıq narkomaniyadakı asılılığa bərabərdir.
"Bəzən stressə girdiyimiz zaman serotonin hormonunun düzgün ifraz olunmaması, normadan aşağı düşməsi halı yaşanır. Bu, sinirlə, stresslə bağlıdı. Çünki orqanizm stressə girdikdə bədən xoşbəxtlik hormonunu ala bilmir. Bildiyimiz kimi, biz hər dəfə stressə düşəndə beynin sinir hüceyrələrində milyonlarla neyron məhv olur. Və sinir hüceyrələri yeganə hüceyrələrdir ki, onlar məhv olanda bərpa olunmur, özlərini yaratmırlar. O zaman belə bir sual meydana çıxa bilər: insanın onurğası qırılır, illər sonra bərpa olunur və adam yenidən yeriməyə başlayır. Bəs bu necə olur? Deməli, sinirlər məhv olubsa, digər hüceyrə onun işini öz üzərinə götürə bilir. Amma biz bərpa edib onu artıra bilmirik. Ona görə də orqanizm az da olsa xoşbəxtlik hormonunu axtarmağa çalışır. Bir tikə tortdan, şirniyyatdan aldığı dad onu çox xoşbəxt edir. Necə alkaşlar spirtli içkidən, narkomanlar narkotikdən asılı olurlar, şirniyyatdan da asılılıq narkomaniyadakı vəziyyətin asılılığına bərabərdir.
Pasiyentlərimə aşılamağa çalışıram ki, dieta siyahısını almaq üçün əziyyət çəkib yanıma gəlməyə ehtiyac yoxdur. İnterneti açanda görəcəksiniz ki, milyardlarla pəhriz var və hansı birini istəsəniz tutub saxlayacaqsınız. Sadəcə bu pəhriz təyin etdiyim müalicəyə təkan verir və orqanizmin düzgün işləməsinə gətirib çıxarır. Başlıca məsələ, orqanizmdəki problemin kökünü tapıb müalicə etməkdir".
Firuzə Alimova / TurpKimi.com