Maskaların açıq havada istifadəsinin əlavə qoruyucu effekti çox aşağıdır...
"Şübhə yoxdur ki, maskalardan istifadə tənəffüs yolları infeksiyalarının yayılmasını yavaşladır və durdurur".
Bunu Milli.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
O bildirib ki, maskaların açıq havada istifadəsinin əlavə qoruyucu effekti çox aşağıdır:
"Əhali arasında yoluxma sayı çox olduqda, maskaların istifadəsi xüsusilə önəmlidir, çünki qarşımıza çıxan şəxslər arasında COVİD-19 olan birisinin olma ehtimalı yüksəkdir.
Vətəndaş olaraq çoxumuz qapalı və sıx yerlərdə maska taxma məsələsinə müəyyən dərəcədə barmaqarası baxdıq. Nəticədə yoluxma artdı və maskalar indi həm qapalı, həm də açıq məkanlarda taxılmalıdır.
Düşünürəm ki, sərtləşdirilmiş karantin qısa zamanda effektivliyini göstərəcək və yoluxma sayı yanvarda enəcəkdir. Buna görə də, Operativ Qərargahın qərarında da dəyişiklik edilməsinin nəzərdən keçirilməsi məqsədəuyğun ola bilər.
Açıq havada və sıxlıq olmayan məkanlarda, o cümlədən parklar və bulvarlarda gəzinti üçün maskaların istifadəsi tövsiyə edilməlidir, məcburi olmamalıdır. Sərtləşdirilmiş karantin tədbirləri isə tədricən yumşaldılmalıdır. Sərtləşdirilmiş karantinlər 4 həftəlik və ya 2 həftəlik, yaxud həftədə 4 gün olmaqla və ictimai nəqliyyat işləməməklə, işə gedənlər üçün isə sms ilə 30% kvotalar yaratmaqla həyata keçirilə bilər.
Mart-may və iyul-avqust aylarında yalnız qapalı məkanlarda maska taxmaqla yoluxma sayını 30-40 rəqəmlərinə endirmişdik. Sərt karantin dövründə maskaların açıq havada istifadəsinin əlavə qoruyucu effekti çox aşağıdır.
COVİD-19 xəstələrində, bu xəstəliyi keçirmiş şəxslərdə və onların ailə üzvlərində panika və təşviş çox müşahidə edirəm. Düşünürəm ki, bu qruplarda psixoloji məsələlərin menecmentinə dair bir yanaşma, protokol hazırlanması çox faydalı olardı.
Xəstəxanada terapiya və reanimasiyada yüksək oksigen təlabatı olan, CPAP maskasında olan, oksigen "aclığı" hiss edən pasiyentlərdə farmakoterapiyaya dair protokol lazımdır".
TurpKimi.com