Şokolad sevərlər üçün: Krem şokola


Evdə hazırlaya biləcəyiniz krem şokola resepti ilə şirniyyata olan tələbatınızı ödəyəcəksiz. 

sokolad-severler-ucun-krem-sokola
29.09.2024 22:03 2 dəq oxuma

Krem şokoladan həm sous kimi, həm də krem kimi istifadə edə bilərsiniz.  

Lazım olan ərzaqlar:

200 qram tünd bitter şokolad
200 ml maye, duru krem (qaymaq)
50 qram kərə yağı
2 yemək qaşığı  şəkər tozu (istəyə bağlı)
1 çay qaşığı vanilin (istəyə bağlı)

Bitter şokoladı kiçik parçalara ayırın və bir kasaya tökün. Şokoladın daha asan əriməsi üçün kiçik hissələrə ayırmaq faydalı olacaq.

Kremi isidin:

Duru kremi bir qazana tökün və orta atəşdə isidin. Kremin qaynamasına icazə verməyin, yalnız isidin. Sonra ocaqdan götürüb üzərinə qırdığınız şokolad parçalarını əlavə edin. Şokoladın tamamilə əriməsi üçün bir neçə dəqiqə gözləyin.

Kərə yağını əlavə edin:

Şokoladlar əridikdən sonra kərə yağını əlavə edin. Kərə yağı tamamilə əriyib qarışandan sonra  qarışığı bir müddət  qarışdırın.

Şəkər və vanilin:

İstəyə bağlı olaraq şəkər tozu  və vanilini əlavə edin. Şəkərin əriməsi üçün qarışdırın. Vanilin, krem şokolaya əlavə bir aroma qatacaq.

Krem şokolayı soyudun: 

Krem şokolayı otaq istiliyinə gələnə qədər soyudun. Daha sonra soyuducuda bir müddət gözlədin, getdikcə  qatılaşacaq. Sonra servis edə bilərsiniz. Dondurulmuş meyvələrlə, kekslər, tort və ya dondurmanın üzərinə tökərək servis  edə bilərsiniz.

İpucları:

Krem şokolanın konsistensiyasını istədiyiniz qatılıqda nizamlamaq üçün kərə yağını artıra  və ya azalda bilərsiniz.

Şokolad və krem nisbətini dəyişdirərək fərqli konsistensiyalar əldə edə bilərsiniz. Daha sulu bir sous üçün daha çox krem daha tünd bir konsistensiya üçün daha çox şokolad istifadə edə bilərsiniz.
Krem şokolanı bağlı bir qabda soyuducuda saxlaya və istifadə etməzdən əvvəl yüngülcə isidə bilərsiniz.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com