Pomidor bağçanızda ən asan yetişdirə biləcəyiniz tərəvəzlərdən biridir. Süfrələrə çox yaraşan bu məhsul sürətli və asan böyüsə də, bəzən istənilməyən nəticələr verə bilər.
Əgər pomidorların məhv olmasını istəmirsinizsə və ən önəmlisi, orqanik tərəvəz yeməyin zövqünü yaşamaq istəyirsinizsə, bəzi məlumatları bilməlisiz.
TurpKimi.com bu mövzuda maraqlı ipuclarını sizlərlə bölüşür.
Tutaq ki, bağçanıza və ya dibçəklərə pomidor fidanı əkdiniz. Qısa müddət sonra pomidorlarınız yetişdi və tam da yeməli oldu. Amma bir anda pomidorlar solmağa başladı.
Yarpaqları saraldı, qəhvəyi ləkələr əmələ gəldi, yarpaqlarda dəliklər yarandı və ya ən pisi – heç meyvə vermədi. Əgər bu əlamətlərdən bir neçəsi ilə qarşılaşırsınızsa, demək ki, ciddi bir problem var. Narahat olmayın – pomidorlarınızı xilas etməyin yolu var.
1. Həddindən artıq və ya yetersiz suvarmadan çəkinin
Düzgün miqdarda suvarma sağlam pomidor bitkiləri üçün çox vacibdir. Həddindən artıq və ya yetersiz suvarma bitkinin məhv olmasının səbəbi ola bilər. Əgər pomidor bitkinizdə ümumi solma, yarpaqların saralması və kənarlarının qəhvəyi olması kimi əlamətlər varsa, bunlar suvarma problemlərinin göstəricisi ola bilər. Bitkiniz dibçəkdə və ya torpaqda yetişdirilirsə və torpaq nəmliyini qoruyan vasitə yoxdursa, bu, mümkün olacaq problemdir.
Bitkinin ehtiyaclarına, torpaq nəmliyinə və hava şəraitinə görə suvarmanı tənzimləməlisiniz. Torpaq nəmliyini mütəmadi olaraq, təxminən iki gündən bir yoxlayın ki, heç bir suvarma proqramını qaçırmadığınıza əmin olasınız. Torpağın üst qatı qurudursa, suvarmaya ehtiyac var deməkdir.
2. Göbələkdən qoruyun
Pomidor bitkiləri göbələk xəstəliklərinə qarşı həssas ola bilər və bu da bitkinin məhv olmasının başqa bir səbəbidir. Hər bir göbələk xəstəliyinin fərqli əlamətləri ola bilər, lakin ən geniş yayılan əlamətlər arasında qəhvəyi və ya qara yarpaq ləkələri, alt yarpaqların saralması və qəfil yarpaq tökülməsi var. Şiddətli göbələk infeksiyaları zamanı bitkinin və ya yarpağın bir tərəfində başlayan saralma, gün ərzində solma və gövdə toxumasının içində qəhvəyi rəngə çevrilmə kimi görülə bilər.
3. Həddindən artıq temperatur və yerə diqqət edin
Suvarma kimi, pomidor bitkilərinin düzgün miqdarda işığa və sabit temperaturlara ehtiyacı var. Həddindən artıq temperatur dəyişiklikləri bitkiləri stressə sala bilər, çiçəklərin tökülməsinə və böyümənin yavaşlamasına səbəb ola bilər. Yüksək temperaturlarda kölgələyici örtüklər istifadə etməlisiniz, temperatur 10°C-dən aşağı düşərsə, bitkiləri sıra örtüyü və ya don örtüyü ilə örtmək lazımdır.
4. Torpaq şəraitini yaxşılaşdırın
Əgər pomidor bitkiləriniz cılız görünürsə və meyvə vermirsə, bunun səbəbi zəif torpaq şəraiti ola bilər. Mütəxəssislər zəif böyümənin torpaq pH-sının çox aşağı və ya çox yüksək olduğu hallarda torpaq balansının pozulmasından qaynaqlandığını bildirirlər. pH-ı artırmaq üçün əhəng, azaltmaq üçün isə kükürd istifadə edə bilərsiniz. Pomidorlar üçün ideal torpaq pH-ı 6,0–6,8-dir.
Torpağınızda nə çatışmadığını müəyyən etməyin ən yaxşı yolu torpaq testi aparmaqdır. Beləliklə, torpağı uyğun qidalarla zənginləşdirin və bitkiləri yanlış elementlərlə həddən artıq gübrələməyin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com