Son model qranit tava və qazanlar sağlamlığa zərərlidir? - Hansı qabda yemək bişirək?


Sağlamlıq üçün ən etibarlı həm bişirmə, həm də saxlama qabı...

son-model-qranit-tava-ve-qazanlar-saglamliga-zererlidir
19.05.2021 00:58 3 dəq oxuma

Yemək hazırlamaq üçün istifadə olunan qazan və tavalar, adətən alüminium, mis, polad, teflon, şüşə və son vaxtlar keramika və qranit materiallardan hazırlanır. Bu müxtəliflik içərisindən sağlamlığımız üçün düzgün seçim etmək borcumuzdur. Xüsusilə də hansı maddənin sağlam olduğu, hansı qazandan nə qədər istifadə ediləcəyini bilmək çox vacibdir.

MİS QABLARDA BİŞƏN YEMƏKLƏRƏ DİQQƏT!

Keçmişdən bugünə qədər qazan kolleksiyasına baxsaq, məxbətin ilk favoriti yüksək istilik keçiriciliyi olan mis materialdan hazırlanmış qazan və tavalardır. Lakin mis qablarda bişən və saxlanan qidalar qurğuşun adlanan kimyəvi maddəylə qarışdığı üçün qida zəhərlənməsinə səbəb olur. Misin qidaya keçməsinin qarşısını almaq üçün qalaylama edilsə belə, qalayı tökülən qabların yaratdığı təhlükə hər kəs tərəfindən qəbul edilib. Ona görə də hər ötən gün bu qablardan istifadə azalmaqdadır.

ALÜMİNİUM QAZANLAR SATIŞ RƏFLƏRİNDƏN GÖTÜRÜLMƏLİDİR

Alüminium qablarda və ya alüminium folqadan istifadə edilərək bişirilən yeməklərə yüksək miqdarda alüminium keçir. Turş qidalarla təmasda olarkən daha çox keçir və bu hal orqanizmdə alüminiumun yığılmasına, alzheimer kimi nevroloji xəstəliklərın yaranmasına səbəb olur. Qidada alüminiumun artması orqanizm üçün vacib olan kalsium, dəmir, fosfor, maqnezium kimi mineralların faydalılığını azaldaraq anemiya (qan azlığı), sümük əriməsi və əqli gerilik, hətta xərçəng də daxil olmaqla bir çox xəstəliklər yaradır. Ona görə də bir vaxtlar hər kəsin mətbəxində yer alan alüminium qazanlar artıq satış rəflərindən götürülməlidir.

POLAD TAVALARDAN RAHAT İSTİFADƏ EDİLƏ BİLƏR

Polad qablar nəm saxlanılanda paslanmağa başlayır. Bunun qarşısını almaq üçün polada nikel əlavə edilir. Nikel sayəsində paslanmaz olan polad tava və qazanlar bu gün də mətbəxlərdə yer alır. Paslanmaz poladdan hazırlanan qablar istiliyi gec yaysa da, bu qablar yeməklərə toksiki təsir etmir və sağlamlığa zərər vermir. Polad qablar korroziyaya və oksidləşməyə son dərəcə davamlı olduğundan qidaların sağlam şəkildə saxlanılmasında təhlükəsiz istifadə edilə bilər.

AŞINAN VƏ YA CIZILAN TEFLON TAVALAR DƏYİŞDİRİLMƏLİDİR

Yapışmaz xüsusiyyəti ilə bir dövrün kəşfi sayılan teflon örtüklü qabların istifadəsi xüsusi diqqət tələb edir. Düzgün istifadə edilmədikdə cızılmış və ya aşınmış teflon tava və qazanlar zərərli kimyəvi maddələrin qidalara keçməsinə səbəb olur. Teflonun zərərli təsirini azaltmaq üçün cızılan və ya köhnələn teflon tavaları tez bir zamanda yeniləri ilə əvəzləmək lazımdır.

ŞÜŞƏ QABLARDAN RAHAT ŞƏKİLDƏ İSTİFADƏ ETMƏK OLAR

Şüşə qablar həm bişirmədə, həm də qidaların saxlanılmasında çox sağlam vasitələrdir. Düzdür, bəzi şüşə qablar ani istilikdən tez sınır. Ancaq son zamanlar yüksək istiliyə dayanıqlı şüşə qabların hazırlanması, onlardan sobada belə istifadə etməyə imkan verir. Şüşə qablar turşu və qələvidən təsirlənmədiyi üçün saxlama qabı kimi rahat şəkildə istifadə edilə bilər. Bir sözlə, şüşə qabları sağlamlıq cəhətdən ən etibarlı qrupa daxil etmək olar.

SAXSI QAZAN VƏ TAVALAR DA ZƏRƏRSİZDİR

Təbii minerallardan hazırlanan və tərkibində kanserogen maddələr olmayan bu qablar yeməkləri yapışdırmır. Cızılmış olsa belə tərkiblərində salamlığa zərərli maddə olmadığı üçün zərərsiz materiallar arasında yer alıb.

ƏT YEMƏKLƏRİNİN BİR NÖMRƏLİ QABI

Yavaş və uzun müddət bişirmək tələb edən yeməklər üçün tökmə materiallardan hazırlanan qablar da seçimimiz olar bilər. Tökmə tava və qazanlar istiliyi bütün səthə bəbarə paylayaraq istiliyi uzun müddət saxlayır. Yeməyin bişirilməsi zamanı əmələ gələn su hissəcikləri tökmə örtüyün altında  qalır və yeməyin hərtərəfli ləzzətli olmasını təmin edir. Bu xüsusiyyəti ilə tökmə qablardan sulu bişirmə üsulu ilə hazırlanan ət yeməklərində istifadə edə bilərsiniz.

QRANİT TAVA VƏ QAZANLARDA KİMYƏVİ MADDƏLƏR YOXDUR

Bu gün satışda olan qazan və tavaların son modeli qranit materialdan hazırlanan qablardır. Bu qablar istiliyi hər yerə bərabər şəkildə paylamaqla yanaşı, istiliyi uzun müddət saxlaması onu daha da cəlbedici edir. Hazırlanmasında istifadə olunan maddənin təbii olması və kimyəvi tərkibdən istifadə olunmaması sağlamlığa zərərsiz olduğunu sübut edir.

Firuzə Alimova / TurpKimi.com