Soyutma yumurta bişirərkən nələrə diqqət etməlisiz? - İstədiyiniz forma neçə dəqiqəyə hazır olar?


Yumurta sağlamlıq üçün çox faydalı olan güclü zülal, kalsium, dəmir, A, B5, B12, B2, B6, D, E və K vitaminləri qaynağıdır. "Super qida" kimi də adlandırılır. 

soyutma-yumurta-bisirerken-nelere-diqqet-etmelisiz
24.05.2022 18:46 2 dəq oxuma

 Xüsusilə, Ramazan ayı imsakda  tez-tez istifadə edilən bir qidadır. Lakin yumurtanı istədiyimiz kimi bişirə bilirikmi? Çox vaxt göz açıb bağlayana qədər müddəti keçir və istədiyimiz formada bişmiş olmur. 
Yumurtanı bişirmək sizə asan gəlməsin. Yumurtanı necə yemək istəməyinizdən asılı olaraq bişmə müddəti də fərqlidir. 

TurpKimi.com soyutma yumurtanın bişirilmə qaydası ilə bağlı bəzi incəlikləri oxucuları ilə bölüşür. 

 Suyu qaynadın  və qaynayan suyun içərisinə əvvəlcə bir çimdik duz atın və yumurtanın çartlamasının qarşısını alın. Hətta iki-üç damcı sirkə ataraq asan soyulmağına kömək etmiş olursuz.

İlıq, az bişmiş  yumurta

İlıq yumurtanın ağı bişir, sarısı isə məhlul şəklində qalır. Bu cür yumurta yemək istəyirsinizsə, su qaynamağa başladıqdan 3 dəqiqə sonra yumurtanı ocaqdan götürün. Soyuq sudan keçirin və soymağa başlayın. 


Ərik yumurta

Ərik  yumurta ağı tamamilə bişmiş,  sarısı isə yarı bişmiş və içində bir az sululuq qalan  formadadır. Ərik yumurta su qaynamağa başladıqdan 5 dəqiqə sonra hazır olur. Yumurtanı qazandan götürüb soyuq sudan keçirin və soymağa başlayın.

Bərk yumurta 

Sarısı və ağı tamamilə bişmiş bir yumurta üçün suyu və yumurtanı bişirəcəyiniz qazana qoyun və su qaynamağa başladıqdan 8 dəqiqə sonra yumurtaları sudan çıxarın və soyuq sudan keçirin. 


Çox qaynadılmış yumurtanın zərərləri nələrdir?

Yumurtanı çox bişirmək də sağlamlıq üçün ziyandır. Yumurtanın  bişirmə müddətini uzatdıqda sarısında boz və yaşıla çalan  rənglər yaranır. Əgər yumurtanız belə olubsa yeməyin. Çünki yumurtanın sarısında bol miqdarda olan  Omega3 çox bişirmə nəticəsində trans yağa çevrilir və orqanizm üçün zərərli elementə çevrilir. 

Yumurtanı az bişirmək də sağlamlıq üçün təhlükə yaradır. Həkimlərin məsləhətlərinə görə,  çiy yumurta sağlamlığa ziyan vurur. Belə ki, çiy yumurta qəbulu B7 vitamininin orqanizm tərəfindən sorulmasını ləngidir. Bundan başqa, çiy yumurtadan çox təhlükəli salmonella mikrobuna yoluxmaq mümkündür. Salmonella mikrobları əsasən də immuniteti zəif olan insanlarda ciddi problemlər yaradır. Yumurta bişdikdə qida dəyəri nisbətən azalır, amma çiy yumurta ilə bişmiş yumurta arasında qida dəyəri baxımından ciddi fərq yoxdur. Buna görə də əlavə problem yaranmaması üçün yumurtanı tam bişirib yemək məsləhətdir.

Şəhər yerində yumurtanı soyuducuda saxlayırlar. Soyutma yumurta bişirmək istəyərkən soyuducudan çıxartdığınız yumurtanın bişərkən çartlamaması üçün hər tərəfinə limon sürtün. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

​​​​​​11-04-2022