Super qəhrəmanlar uşaqlara - mənfi mesajlar verir - ZƏRƏRİ


Uşaqların ideal olaraq gördükləri super qəhrəmanlar şiddət mövzusunda onlara ciddi şəkildə mənfi mesajlar verir.

super-qehremanlar-usaqlara
01.01.2020 20:04 2 dəq oxuma

Hazırda super qəhrəmanlardan bəhs edən cizgi filmləri çox məşhurdur. Amma bu cizgi filmlərin bəzi müsbət ana fikirləri olsa da, aparılan yeni araşdırmaya görə, uşaqların ideal olaraq gördükləri super qəhrəmanlar şiddət mövzusunda onlara ciddi şəkildə mənfi mesajlar verir.

TurpKimi.com bildirir ki, bu haqda araşdırma Amerika Pediatriya Akademiyasının 2018 Beynəlxalq Konfransında təqdim edilib. Həmin cizgi filmlərdəki “yaxşı adamlar” pis xarakterlərdən daha çox şiddət aşılayan davranışlar sərgiləyir.

Araşdırmaçılar 2015 və 2016-cı illərdə təqdim edilən cizgi filimlərdəki 10 super qəhrəmanı araşdırıb. Filmlərdəki əsas xarakterlər, qəhrəman (yaxşı adam) və ya düşmən (pis adam) olaraq iki hissəyə ayrılıb. Cizgi filmlərdəki müəyyən davranış və şiddət növləri analiz edilib. Aparılan hesablamalarda düşmən rolunda iştirak edən xarakterin bir saat ərzində 18 şiddət tərkibli davranış sərgilədiyini, qəhrəman rolunda olan xarakterin isə bir saatda 23 şiddət tərkibli davranış aşıladığı aşkar edilib. Bundan başqa, cizgi filmlərindəki kişi xarakterlərin qadın xarakterlərdən 5 dəfə çox (1 saatda təqribən 34 dəfə) şiddət göstərdiyi məlum olub. Hər iki xarakterlərin sərgilədikləri şiddətlər arasında dava, ölümcül silahlardan istifadə, mülkə ziyan vermək, cinayət, zorbalıq, qorxutma və işgəncənin olduğu bildirilib.

Ailələr bu cizgi filmlərinə uşaqları ilə birlikdə baxmalıdır

Araşdırmaçılar bildirir ki, uşaqlar və yeniyetmələr cizgi filmlərindəki super qəhrəmanları “yaxşı adamlar” kimi görür və sərgilədikləri şiddət tərkibli davranışlar onlara təsir edir. Uşaq mütəxəssisləri ailələri cizgi filmlərində təsvir edilən şiddətlə bağlı xəbərdar etməli və uşaqların qəhrəman kimi gördükləri xarakterlərin hərəkətlərini təqlid etməsinin potensial təhlükələri haqqında onları məlumatlandırmalıdı.

Odur ki, bu cür cizgi filmlərin uşaqlar üzərindəki mənfi təsirlərinin qarşısını almaq üçün valideynlər filmləri uşaqlarıyla birlikdə seyr etməli, gördükləri şeylər haqqında onlarla danışmalı, şiddətin nəticələri ilə bağlı dialoq qurmalıdırlar. Lakin valideynlər həmin cizgi filmlərini sakit şəkildə izləyərsə, uşaqlar həmin şiddət tərkibli davranışların valideyni tərəfindən də qəbul edildiyini anlayır. Bu isə uşaqlarda aqressiv davranışların artmasına səbəb olur.

Firuzə Alimova / TurpKimi.com