Şirniyyatlarda və ya yeməklərdə istifadə etmək üçün təbii qida boyası necə hazırlanır?
Şirniyyatlarda istifadə etdiyimiz süni qida boyaları kimyəvi maddələrlə zəngindir. Ev şəraitində, sağlamlıq üçün heç bir ziyanı olmayan təbii qida boyası hazırlamaq o qədər də çətin deyil.
Rəngli şirniyyatı xüsusilə uşaqlar çox sevir. Rəngarəng tərəvəz və meyvələr sizə bu mövzuda kömək edəcək.
Evdə hazırlanan qida boyaları hazır alınanlar qədər canlı rəngdə olmasalar da sağlamlıq baxımından faydalıdır.
TurpKimi.com evdə təbii qida boyası hazırlamaq qaydalarını oxucularla bölüşür.
Qırmızı qida boyası üçün çuğundur
3 ədəd orta ölçüdə çuğunduru şirəçəkəndə sıxın. Çuğundur suyuna 3 dolu xörək qaşığı şəkər tozu əlavə edib qaynadın. Qırmızı rəngli qida boyanız hazırdır. Hər istifadə üçün 2 qaşıq kifayət edir.
Çəhrayı qida boyası üçün qabartma tozu və çuğundur
Çəhrayı qida boyası hazırlamaq üçün də yenə 3 ədəd orta ölçüdə çuğunduru şirəçəkəndə sıxın və bu suyu 3 dolu xörək qaşığı şəkər tozu ilə qaynadın. Qaynadıqdan sonra qazana 1 paket qabartma tozu əlavə edin. Əldə etdiyiniz boya tünd olsa su əlavə edə bilərsiniz.
Narıncı qida boyası üçün kök
5-6 ədəd orta ölçüdə kökü şirəçəkəndən keçirdirik, suyuna 1 xörək qaşığı şəkər tozu əlavə edib qaynadırıq. Narıncı rəngimiz hazırdır.
Bənövşəyi qida boyası üçün qırmızı kələm
Kiçik ölçüdə qırmızı kələmin suyunu çəkirik. Üzərinə 4-5 qaşıq şəkər tozu əlavə edib qaynadırıq. Bənövşəyi qida boyası hazırdır.
Yaşıl qida boyası üçün ispanaq
Bir dəstə ispanağın suyunu çıxardırıq. Bu suya 5-6 yemək qaşığı şəkər əlavə edib qaynadırıq. Kekslərdə də daxil olmaqla bütün xəmir məmulatlarında istifadə edə bilərik.
Mavi qida boyası üçün qırmızı kələm, ya da qaragilə
Mavi qida boyası üçün iki qidadan birini istifadə edə bilərik.
2 su stəkanı qaragilənin suyunu çəkirik. Bu suya 1 xörək qaşığı şəkər tozu əlavə edib qaynadırıq.
Kiçik ölçüdə qırmızı kələmin suyunu çəkirik və üzərinə 4-5 xörək qaşığı şəkər tozu əlavə edib qaynadırıq. Qaynadıqdan sonra bir paket qabartma tozu əlavə edirik.
Sarı qida boyası üçün aspir otu, ya da zəfəran
Sarı rəng əldə etmək üçün zəfəran və ya aspir otunu (sarı çiçək) toz halında xəmir və kremlərinizə birbaşa əlavə edə bilərsiniz.
Qəhvəyi qida boyası üçün qəhvə tozu, ya da kakao tozu
Qəhvəyi rəngi əldə etməyin bir çox yolu var. Hazır qəhvə qranülləri, kakao tozu, tünd dəmlənmiş qara çay ilə istədiyiniz tonda qəhvəyi rəng əldə edə bilərsiniz.
Qida boyalarından duzlu məmulatlarda istifadə etmək üçün…
Duzlu məmulatlarda da qida boyası istifadə edə bilərsiniz. Bunun üçün yuxarıdakı reseptləri şəkər tozu ilə deyil, duzla əvəz etməlisiz. Hazırladığınız təbii qida boyalarını ağzı bağlı şüşə qablarda 2 həftəyə qədər saxlaya bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Bunu da oxu:
Diqqət! Özünüz də bilmədən böcək yeyirsiz - Qida sənayesinin əvəzedilməz “qırmızı”sı və ya yeməklərdə istifadə etmək üçün təbii qida boyası necə hazırlanır?