Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə bəzi məsələlərə aydınlıq gətirib.
"Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədrisin oktyabrın 1-də həftədə iki dəfə olmaqla başlaması planlaşdırılır".
Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
"Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur", - nazir əlavə edib.
E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq:
"Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq.
X-XI siniflər üçün əyani dərs oktyabrın 1-dən başlaması düşünülür. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər".
“Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, 2 və ya 3 dəfə”.
“Burada ölkə üzrə əlavə olaraq 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 mindir. Beləliklə, artıq hər şey yaxşı gedərsə və epidemioji vəziyyət imkan verərsə oktyabrın 1-ə 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla hissə-hissə məktəbə qaytarmağı planlaşdırırıq. Bununla yanaşı əgər yenə də hər şey yaxşı gedərsə 15 oktyabrdan 10 və 11-ci siniflərin məktəblərə qayıtmasını planlaşdırırıq”, o bildirib.
Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?
"Bu gün 338 sinifdə şagird sayı 40-dan yuxarıdır, 99.5%-də bu rəqəm 40-dan aşağıdır".
Nazir bildirib ki, sinifdə maksimal şagird sayı normaları müəyyənləşəcək: "Planımız odur ki, məktəbə gələn hər bir şagirdə təlimatları özündə əks etdirən məlumat vərəqələri veriləcək"
E.Əmrullayev qeyd edib ki, böyük ehtimal soyunub-geyinmə otaqları mövcud şəraitdə imkan vermirsə, bədən tərbiyəsi fənni tədris olunmayacaq.
Sentyabrın 15-dən ali məktəb tələbələri onlayn dərslərə başlayır
“Sentyabrın 15-dən başlayaraq ali təhsil müəssisələrinin distant qaydada fəaliyyətini bərpa etməyi planlaşıdırılır”.
E.Əmrullayev qeyd edib ki, I kursa qəbul olan tələbələrin oktyabrın 1-də tanışlıq məqsədi universitetə gəlməsi planlaşdırılır:
"Oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər".
Şagirdi məktəbə göndərib-göndərməməklə bağlı qərarı valideyn verəcək
“Məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl edilməlidir”.
"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Əgər hansısa ailədə kiminsə qızdırması varsa şagirdin məktəbə gəlməməsinin tərəfdarıyıq.
Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqların məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu, seçimin valideynlərə verilməsi qaydası baş verəcək”, - nazir əlavə edib.
"Sentyabrın 15-dən uşaq bağçalarının fəaliyyətinə icazə verilməsi təklif olunur".
Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, uşaq bağçaları mərhələli şəkildə fəaliyyətə başlayacaq, oktyabrın 1-dən isə tam açılacaq.