Təhsil Nazirliyi teledərslərə start verir


Martın 11-dən başlayaraq həftənin beş günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir.

tehsil-nazirliyi-telederslere-start-verir
10.03.2020 22:46 1 dəq oxuma

Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb: 

“İbtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdlərini həftənin dörd günü “Mədəniyyət” kanalının ekranı qarşısında gözləyəcəyik. 

Artıq müstəqil öyrənmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə həftədə iki dəfə görüşəcəyik. 
 İbtidai sinifləri əhatə edən fənlər Azərbaycan dili, riyaziyyat, Həyat  bilgisi, təsviri incəsənət, xarici dili, 5-11-ci siniflərdə  Azərbaycan dili, riyaziyyat, xarici dil, tarix, coğrafiya, kimya, fizika, biologiya fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Dərs cədvəlinə diqqət edin, dərsinizi “Dərs vaxtı”nda öyrənin. Unutmayın ki, öyrənmə yalnız sinif otağında deyil, ekran qarşısında da mümkündür. 

“Dərs vaxtı”nda həftənin beş günü sizinləyik! “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər”.