“İnsan orqanizmi dəyişkən hava şəraitinə adaptasiya ola bilmir” - Terapevt


Payızda proseslərin sürəti, qanın damarlarda hərəkəti nisbətən zəifləyir...

terapevt-insan-orqanizmi-deyisken-hava-seraitine-adaptasiya-ola-bilmir
09.10.2022 11:38 2 dəq oxuma

Payız fəsli bir neçə həftədir başlasa da ölkəmizdə isti hava şəraiti hökm sürürdü. Oktyabrın ilk həftəsi temperatur 25-30 dərəcə arasında dəyişsə də, son bir neçə gün hava küləkli keçir. Eyni zamanda, insanlar arasında qrip, boğaz ağrısı, üşütmə, halsızlıq, ürəkbulanma, ishal halları da müşahidə olunur.

Hava şəraitinin fəslə uyğun olmamasını iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Əgər insanlar bu vəziyyətə adaptasiya olsalar, xilas olacaqlar. Amma əksi olarsa, mənfi təsirlər qaçılmazdır.

TurpKimi.com bildirir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Abbas Bağırovun sözlərinə görə, orqanizmin immun sistemi patoloji amilə adekvat reaksiya verə bilmir:

“İmmun sistemi, immunitet patogen faktlara cavab verə, qarşılaya, neytrallaşdıra bilirsə, orqanizmdə xəstəlik yarana bilmir. Əgər immunitet aşağı düşürsə, bədəndə xəstəlik yaranacaq.

Bununla yanaşı, payız aylarında orqanizmdə mübadilə prosesləri ləngiməyə başlayır. Yazdakı kimi sürətli olmur. Proseslərin sürəti, qanın damarlarda hərəkəti nisbətən zəifləyir. Periferik damarlarda spazmalar baş verir. Orqanizm özünü soyuqdan qorumaq istəyir”.

A.Bağırov qeyd edib ki, kəskin hava dəyişmələrinə adaptasiya müddəti hər insanda fərqlidir:

“Bədən o müddətdə özünü idarə edə bilmir. İmmun sistemi zəifləyir. Buna görə də istənilən patogen faktor xəstəlik törədə bilər.

Bəzi xəstəliklər mövsümidir. Mədə-bağırsaq xəstəlikləri yaranır. Rotavirus müşahidə edilir. Havalar kəskin isti keçirdi. İndi isə iki gündür ki, küləklidir. Bədənin adaptasiya qabiliyyəti, uyğunlaşma müddəti qısa zamanda kifayət qədər cavab verə bilmir. İmmuniteti zəif olanlarda da xəstəlik baş qaldırır”.

Terapevt kəskin iqlim dəyişkənliyinin bədənin asayişini pozduğunu deyib:

“Havalar fəslə uyğun keçmir. Bütün təbiətdə, astronomik, bioloji və ekoloji sistemdə gedən proseslərin hamısı bir-birinə sinxrondur. Ahəngdarlıq da var.

İqlim dəyişikliyi bioloji siqnaldır. Bütün dünya bunun üzərində işləyir. Bu iqlim dəyişiklikləri maddi aləmin normal bioloji, kimyəvi sistemini tamamilə pozur. Biokimyəvi proseslərin gedişatını iqlim dəyişiklikləri pozur. Çünki ekoloji, bioloji, ictimai sistemdə baş verən hər bir şeyə canlı orqanizmlərin hamısı reaksiya verir. Kəskin iqlim dəyişiklikləri insan orqanizmlərinin öyrəşmədiyi bir prosesdir. Kəskin iqlim dəyişikliyi bədənin asayişini pozur. Asayiş pozulan yerdə də mübadilə prosesi pozulur”.

TurpKimi.com