TEXNİKİ SPİRTİN ölümcül tərkibi - Azərbaycanda polisi öldürən, dostunu kor edən təhlükəli maddə


Yeraltı sexlərdə hazırlanan spirtli içkilər ölüm saçır.

texniki-spirtin-olumcul-terkibi
27.12.2019 17:17 2 dəq oxuma

Bir çoxlarına məlum olduğu kimi dekabrın 23-də Bakıda polis zabiti, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu ucuz içkidən zəhərlənərək ölüb. Polisin dostu Cəlal Həmzəyevin də vəziyyəti ağırdı, onun hər iki gözü kor olub.

Əldə edilən məlumatlara görə, gənclər viski içiblər və onların yeraltı sexlərdə texniki spirtindən hazırlanan içkidən zəhərləndikləri ehtimal olunur. Baş verən hadisə ilə bağlı cinayət işi başlanıb.

TurpKimi.com texniki spirtin insan sağlamlığına təhlükələri ilə bağlı spirt istehsalatı üzrə texnoloq Mövlud Hətəmoğlundan açıqlama alıb. Açıqlamasında texnoloq bildirdi ki, sənaye spirtindən ancaq texniki məqsədlər üçün istifadə oluna bilər, içilməsi çox təhlükəlidir:

“Texniki spirt, əsasən xarab olmuş buğdadan, etil spirtinin əldə edilməsi zamanı alınan  tullantı spirt tərkibli qarışıqlardan (yüksək fraksiyalı spirtlər, sivusiy spirtlər), araq istehsalında yaranmış tullantı məhsullardan və sair alınır ki, bunlardan da yalnız texniki məqsədlər üçün istifadə olunur. Məsələn, kimya, lak-boya sənayesində və s.

Texniki spirtin tərkibində metanol,  n- prapanol, sivus yağları, aldehidlər olur. Onlar da əsasən, 1 litirdə buraxıla bilən həddən - 3 mq/dm kub-dan çox olur . Yəni, insan 30 mq metanol qəbul etsə kor, daha çoxunu qəbul etdikdə isə ölə bilər. Arağın hazırlanmasında istifadə olunan etil spirtinin konsentratı isə  96,3 faiz olmalıdır.

Qeyd edək ki, laborator analizlər zamanı metanolun izləri aşkar oluna bilər. Belə ki, zərərli maddələrin xüsusi çəkisi 1 litr susuz spirtdə 0,03 mq - dan artıq olmamalıdır”.

Hadisəylə bağlı araşdırma zamanı məlum olub ki, gənclərin yeyib-içdikləri “Baku City” və “Everest” restoranlarına gətirilən ucuz spirtli içkilər Səxavəddin Həsənova məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanından əldə edilirmiş. 

Firuzə Alimova / TurpKimi.com