Son günlərdə dünyada məşhurlaşan Fasilələrlə oruc (Intermittent Fasting) haqqında tez-tez eşitməyə, oxumağa başlamışıq.
Əslində bu qidalanma stili illərdir Hollivud ulduzlarının da zaman-zaman tətbiq etdiyi diyetlərdəndir.
TurpKimi.com Fasilələrlə oruc (Intermittent Fasting) diyeti haqqında ətraflı məlumatı təqdim edir:
Bu cür qidalanma stilində yeməyin miqdarında heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq şəkərli, əlüstü qidalardan uzaq durulmalıdır. Uzun müddət ac qalmağı tələb edən bu qidalanma stili şəkər və təzyiq xəstələri üçün tövsiyə edilmir. Əslində, insan orqanizmi oruc tutmağa uyğunlaşıb. Keçmiş dövrlərdə insanlar qidanı elə də asanlıqla tapa bilmirdilər və uzun müddət ac qalmalı olurdular.
Ümumilikdə uzun müddət ac qalmaq çox zaman tövsiyə edilmir. Aparılan araşdırmalara görə fasiləli oruc isə çəkinin azalmasına kömək edir, nizamlı tətbiq olunanda sağlamlığa da müsbət təsir edir. Xərçəng riskini azaldır, təzyiqi normallaşdırır, 2-ci tip diabetin qarşısını alır və ürək xəstəliklərindən qoruyur. Sadəcə olaraq səhhətində problemi olanlar bu diyeti etməməlidirlər.
Yediyimiz yeməklər orqanizmə daxil olduqdan bir müddət sonra həzm edilməyə başlayır. Qidaların sorulması isə kalorisindən asılı olaraq 3-4 saat ərzində yekunlaşır. Sonra isə bədənimiz enerji istehsal etmək üçün toplanmış yağları yandırmağa başlayır. Çəkinin azalması prosesi də bu şəkildə işləyir.
Ancaq standart pəhrizlərdə ara paylar, arıqlamağınıza mane olur. Çünki orqanizm toplanmış yağı yandırmaq əvəzinə, ara paylarda qəbul etdiyi qidanı yandırmağa başlayır. Fasiləli orucda isə uzun müddət yemək yemədiyiniz üçün orqanizminiz enerjisini vücüdda yığılmış yağdan təmin edir .
Fasilələrlə tutulan orucda 12-12, 16-8, 24-24 kimi fərqli yemə periodları vardır. Yəni, 12-12 periodunu seçsəniz gündə yalnız 2 dəfə qidalanırsınız və bu iki dəfənin arasında 12 saat fasilə olmalıdır. Bu paylar arasında istədiyiniz kimi çay, qəhvə və ya digər kalorisiz içkiləri içə bilərsiniz.
16-8 periodunda isə 2 payınızın arasında 8 saat fərq olur və 16 saat hər hansı bir şey qəbul etmirsiz.
24-24 sistemini tətbiq etdikdə yalnız həftədə bir gün 24 saat yemək yeməmək lazımdır. Ya da həftənin 5 günü normal rejiminizdə yemək yeyib, 2 gün isə gündəlik kalorinin yalnız 20-25 faizini sərf edərək bu qidalanma stilini tətbiq edə bilərsiz. Intermittent Fasting-i tətbiq edənlər uğurlu nəticələr əldə edib.
Vüsalə Əlövsətqızı, TurpKimi.com