Nazirlər Kabinetinin qərarı ilə COVID-19 pandemiyası dövründə 2020-2021-ci tədris ilində təhsil müəssisələrində dərslərin başlanma tarixi məlum oldu.
Buna baxmayaraq bəzi məqamlar hələ də açıq qalır.
Misal olaraq, həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının hansı formada olacağı müəyyənləşməyib. Təhsil Nazirliyi standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqinin nəzərdə tutulduğu deyilib.
Valideynləri düşündürən bir sual isə tibbi spirtlə bağlıdır. Şagirdlərin çantalarında spirt olsunmu? Yaxud məktəbə spirt gətirilməsi ilə bağlı tələb olacaqmı? Təhsil Nazirliyi bu suallara yaxın müddətdə aydınlıq gətirəcək. Hazırda hökumətin qərarı odur ki, sentyabrın 15-dən I-IV siniflərin şagirdləri əyani formada məktəbə getsinlər. Lakin azyaşlıların spirtdən istifadəsi təhlükəli olmazmı?
Təhsil eksperti Elçin Süleymanov “Report”a açıqlamasında bildirib ki, ümumtəhsil müəssisələrində spirt və ya dezinfeksiya vasitələri məktəbin girişində və ya siniflərdə qoyulmalıdır və bu, məktəbin büdcəsi hesabına təşkil olunmalıdır:
“Bunun məktəb üçün elə böyük bir yük olacağını zənn etmirəm. Bu günə qədər spirt və digər dezinfeksiyaedici vasitələrin uşaqlar üçün elə də ciddi fəsadının olması ilə bağlı məlumat yoxdur. Ona görə də bunun şagirdlərin sağlamlığı üçün ciddi problemə səbəb olacağını düşünmürəm”.
E.Süleymanov xatırladıb ki, xarici ölkələrdə məktəblərdə dezinfeksiya məhlulu məktəbin girişində qoyulur və hər kəsin istifadəsi məcburidir:
“Bizim ölkədə məktəblilərin spirtdən istifadəsi könüllü olmalıdır. Ümumilikdə isə spirt məktəbin girişində və ya müəllimin masasın da ola bilər və dərslər başlayana kimi bütün şagirdlər əllərini dezinfeksiya edə bilər. Buna nəzarəti də müəllim və ya növbətçi şagird təşkil etməlidir”.
Həkim-terapevt Şəmsiyyə Namazova isə “Report”a açıqlamasında vurğulayıb ki, hər kəs pandemiya dövründə tələb edilən qaydalara ciddi əməl etməlidir:
“XX əsrin uşaqları zehni baxımdan çox irəliləyiblər. Hər bir valideyn öz övladı üçün gigiyenik qaydaları bütün dövrlərdə başa salır. Yəni bu uşaqlar üçün pandemiya dövründə məhz bu qaydalara əməl edilməsi problem olmamalıdır”.
Mütəxəssis əlavə edib ki, məktəblilərin spirtdən istifadə etməsində heç bir maneə görmür:
“Şagirdlərin spirtdən istifadəsinə müəllimləri sinif otaqlarında nəzarət etməlidir. Sinif otağına girən kimi nəzarət altında spirtdən istifadə edilməsi məsləhətdir. Nəinki pandemiya dövründə, eləcə də bütün vaxtlarda xəstə şagirdlərin dərsə gəlməməsi tövsiyə olunur. Valideyn evdə, müəllimlər isə sinifdə spirtdən istifadə ilə bağlı öz tövsiyələrini versin. Hətta hesab edirəm ki, məktəbdə şagirdlərin spirtdən istifadəsi daha maraqlı ola bilər. Müəllim şagirdə, şagird isə sinif yoldaşının əlinə spirt vurmaqla gigiyena qaydalarına əməl etməyi fərqli formada təbliğ etmiş olar”.
Xatırladaq ki, sentyabrın 15-dən tədrisin ibtidai siniflərdə ənənəvi qaydada həftədə 2-3 dəfə olmaqla bərpa olunması, V-XI siniflərdə isə onlayn qaydada dərslərin keçirilməsi planlaşdırılır. V-IX sinif şagirdlərinin 1 oktyabr, X-XI sinif şagirdlərinin isə 15 oktyabr tarixindən ənənəvi şəkildə dərsə gəlməsi nəzərdə tutulur. Oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla məktəbəhazırlıq qruplarında tədrisin başlanması planlaşdırılır. Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinə də toxunan nazir qeyd edib ki, sözügedən təhsil müəssisələrində tədris sentyabrın 15-dən distant qaydada təşkil olunacaq.
Eyni zamanda, valideynlərin uşaqları məktəbə göndərib-göndərməmək hüququ tanınacaq. Valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla - həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər.
Təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir.
Qeyd edək ki, koronavirus pandemiyasına görə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn qaydada aparılıb.
TurpKimi.com