Toyuq suyu şorbası soyuqdəyməyə təsir edirmi?
Adətən soyuqdəymə və qripdə ağla gələn ilk yemək şorba olur. Bunların içində ən məşhuru toyuq şorbasıdır. Toyuq şorbası burun axıntısı və boğaz ağrısı üçün ev dərmanı kimi tanınır.
Bəs, görəsən toyuq şorbası həqiqətən soyuqdəyməyə yaxşı təsir edir, yoxsa bu bir mifdir?
Burada bir məsələyə diqqət etməkdə fayda var. Söhbət süni qidalarla böyüdülən və hormonlarla qidalandırılan toyuqlardan getmir. Təbii qidalarla özbaşına böyüyən kənd toyuqları nəzərdə tutulur.
TurpKimi.com xarici mediaya istinadla topladığı bəzi məlumatları oxucuları ilə bölüşür.
Nebraskada aparılan laboratoriya təcrübələrinə görə, toyuq şorbasının tərkibində soyuqdəymə simptomlarını azalda biləcək maddələr var.
Şorbanın tərkibində ağ qan hüceyrələri və bakteriyalarla mübarizə apara bilmək üçün bədənin immun sisteminə kömək edən xüsusi birləşmələr var. Məsələn, bakteriyalar mukoza (burun, ağız, ağciyərlər və mədə kimi nəmli iç toxumalar) pərdəsinin şişməsinə səbəb olan iltihablanma reaksiyası aparır. Toyuq şorbası bu reaksiyaya mane olur və klassik soyuqdəymə simptomlarının daha sürətli itməsinə səbəb olur.
Qeyd: Xüsusilə yüngül soyuqdəymə kimi viral infeksiyalarda toyuq şorbası içməkdə fayda var. Boğaz üçün təbii sakitləşdirici təsir göstərir.
Toyuq suyunu bu qədər sağlam edən maddələr nələrdir?
Evdə hazırlanan toyuq şorbasında sistein adlı amin turşuları var. Bu maddələr toyuq bişirilərkən suyuna keçir. İltihabəleyhinə təsiri sayəsində sistein mukoza pərdələrindəki şişkinliyi azaldır və xüsusilə üst tənəffüs yolu xəstəliklərində simptomları yüngülləşdirir.
Toyuq suyuna sağlam və təbii tərəvəzlər də daxil olanda vitamin, mineral dəyəri iki dəfə çoxalır. Bu şorba zəifləmiş bir immunitet sistemini sürətlə gücləndirmək üçün ən uyğun qarışıqdır. Ancaq toyuq şorbasını soyuqdəyməyə qarşı faydalı edən tək içinə qatılan ərzaqlar deyil.
İsti ət suyunun qoxusu və istiliyi tək halda yaxşılaşdırıcı bir təsirə sahibdir. Buxar eyni zamanda mukus pərdələrini də nəmləndirir, bu da boğaz və burundakı ifrazatın daha yaxşı axmasını təmin edir. Toyuq suyunun tərkibində olan qidalı maddələr orqanizmdə rahat şəkildə həzm edilir. Həm də şorba içmək gündəlik maye qəbuluna da qatqı qatır.
Soyuqdəyməyə faydalı toyuq suyu şorbası necə bişirilməlidir?
Bunun üçün ilk növbədə ekoloji təmiz toyuq lazımdır. Toyuq budları və ya toyuq sinəsi, həm dad, həm də qida baxımından qazanda eyni nəticəni verməz.
Toyuq asta odda yavaş-yavaş qaynara düşməlidir.
Tərəvəz növlərinin miqdarları dəyişdirilə bilər və ya məsələn cəfəri kökü, ya da köklə əvəzlənə də bilər. Toyuq şorbasına əlavə bir ədviyyat qatmaq istəyirsinizsə, bu zəncəfil olmalıdır. Zəncəfil az qala bütün xəstəliklərə qarşı çoxistiqamətli mübarizə aparan güclü qidadır.
Ət suyundan qalan hisəsini də soyuducunun dondurucu qismində saxlaya bilərsiz.
Təsadüfi deyil ki, nənələrimiz xəstə olanda çolpa kəsərdilər. Xəstəxanaya xəstə ziyarətinə gedəndə toyuq şorbası bişirib aparardılar.
Vüsalə Əlövsətqızı, Turpkimi.com