Trampın hədiyyə siyahısı açıqlanıb - Qiymətləri


ABŞ Prezidenti Donald Trampın ötən il xarici ölkələrin rəhbərlərinə bağışladığı hədiyyələrin siyahısı açıqlanıb.

trampin-hediyye-siyahisi-aciqlanib
09.04.2020 16:39 1 dəq oxuma

Dövlət Departamentinin illik hesabatına görə, ölkə liderinin əcnəbi həmkarlarına təqdim etdiyi hədiyyələr arasında ən bahalılardan biri olan 2 600 ABŞ dollarlıq eksklüziv hazırlanmış qalay çay süfrə dəsti Çin dövlət başçısı Si Cinpinə bağışlanıb.

Böyük Britaniya kraliçası 2-ci Elizabetə 3 500 ABŞ dollarından baha qiymətdə olan gümüş üzük təqdim edilib.

Yaponiya Baş naziri Şinzo Abe ABŞ liderindən “Milyon dollarlıq bəbə” filminin rejissoru Klint İstvudun imzası olduğu həmin filmdə istifadə olunmuş və 1 800 ABŞ dolları məbləğində dəyərləndirilən boks əlcəyini, habelə qolf oyunçuları Cek Niklaus və Arnold Palmerin imzalı fotoşəkillərini hədiyyə alıb.

Pakistan Baş naziri İmran Xana kriket batı, Macarıstan Baş naziri Viktor Orbana “D.C.United” futbol klubundan vaxtilə bu komandada oynamış macar oyunçu Zoltan Ştiberin imzalı köynəyi bağışlanıb. Həmçinin bir neçə Cənubi Amerika ölkələrinin rəhbərlərinə Donald Trampın Floridadakı Mar a Laqo mülkünün təsviri olan teştlər hədiyyə edilib.

Qeyd edək ki, fevral ayında Dövlət Departamenti D.Trampın xarici ölkələrin rəhbərlərindən aldığı hədiyyələrin də siyahısını dərc etmişdi. Bunlar arasında ən bahalısı Fransa Prezidenti Emanuel Makronun bağışladığı və qiyməti 8 min dollardan çox olan “Louis Vuitton” idman çantasıdır. (REPORT)

loading...