Tullantı yağlardan sabun hazırlayın - NECƏ?


Vacib xəbərdarlıqlarımız da var...

tullanti-yaglardan-sabun-hazirlayin
06.07.2021 00:53 2 dəq oxuma

Bəli, qızartma zamanı istifadə etdiyiniz yanmış yağlar faydasızdır. Suya axıtmaqla isə dənizləri çirkləndirmiş oluruq. Bəs onlardan sabun hazırlandığını bilirsiniz?

Yağdan sabun hazırlamaq fikri sizə qəribə gəlirsə, o zaman TurpKimi.com sabunun formulunu sizə izah etsin. Sabun kimyəvi olaraq yağ turşularının əsas maddə ilə qarışması nəticəsində yaranır. Meydana gələn bu maddə yağ tərkibli qatqını çirkdən təmizləyir. Odur ki, sabunu hind qozu yağından tutmuş zeytun yağına kimi müxtəlif tullantı yağlardan hazırlamaq mümkündür.

Sabun necə hazırlanır?

Bunun üçün bizə lazımdır:

1 litr tullantı yağ,

1 litr su,

160 qram kostik, qoruyucu geyim,

Şüşə və ya plastik qab və qarışdırıcı alət,

Zövqə görə xoş qoxulu uçucu yağlar;

Əvvəlcə qızartma zamanı yağa qarışmış qırıntıları təmizləmək üçün yağı nazik tüldən süzmək lazımdır. Sabun hazırlayarkən mütləq qoruyucu əlcək, eynək və maska taxılmalı, önlük geyinilməlidir. Bir qaba 1 litr su qoyun. Həmin suyun üzərinə kostik maddəni əlavə edib yavaşca qarışdırın. Bu zaman qarışımın təsirindən istilik 80 dərəcəyə qədər qalxa bilər. Ortaya çıxan qaz çox zəhərli olduğu üçün udulması təhlükəlidir. Bunu mümkünsə, çöldə, pəncərənin ağzında və ya havalandırmanın qarşısında edin və nəfəsinizə çəkməməyə çalışın.

Əldə etdiyiniz qarışım otaq temperaturuna yaxınlaşana kimi soyumasını gözləyin. Lakin həmin vaxt uçucu yağları əlavə edə bilərsiniz. Lazım olan temperatura gələndə tullantı yağı yavaşca tökərək qarışdırın. Parçalanmaması üçün təqribən yarım saata yaxın qaşıqla qarışdırın. Qarışım tünd və qatı şəkil alandan sonra forma almaq üçün qablara boşaldın və 30 gün qurudun.

Vacib xəbərdarlıqlar:

Kimyəvi maddədən istifadə olunduğu üçün istifadə etdiyiniz materiallar dəmirdən olmamalıdır.

Qablarda kimyəvi maddə həll etdiyiniz üçün daha sonra onlardan qida üçün istifadə etməyin.

Yan təsirləri ilə qarşılaşmamaq üçün sabunları 30 gündən tez istifadə etməyin.

Əgər proses qapalı mühitdə gerçəkləşərsə, daha sonra otağı havalandırmağı unutmayın.

Firuzə Alimova / TurpKimi.com