Siqaret! İnsanın sonuna çıxan "sülh çubuğu" kimi kovboy kinolarında təbliğ edilən zəhərli maddə...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər 4 saniyədə 1 nəfər, ildə 8 milyon insan siqaretdən ölür. Buna baxmayaraq bəzi ölkələrdə siqaretin insan orqanizminə zərərləri haqqında yetərli bilgi və məlumatlandırma yoxdur.
2 qutu siqaretin tərkibində olan nikotin birdəfəyə insanı öldürə bilir.
TurpKimi.com xəbər verir ki, siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyən edilib. Bunlardan ən zərərlisi olan nikotin, qatran, karbon monoksid (CO) və xərçəng yarada bilən maddələrdən ibarətdir. Nikotindən tibbi məqsədlərlə istifadə olunmur, çünki zəhərli maddədir. O ən zəhərli maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamın damarına vurularsa, bu halda həmin adam ölə bilər. Burada məsələnin maraqlı cəhəti həmin həcmdə (100-120mq) maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır. Gündə 2 qutu siqaret çəkənlərin birdən-birə zəhərlənməmələrinin səbəbi siqareti yandıraraq çəkmələridir. Onlar yavaş-yavaş zəhərlənirlər. Siqaret yandırılarkən siqaretdəki nikotin havaya yayılır və yalnız müəyyən bir hissəsi orqanizmə keçir. Sadəcə 1 siqaret çəkən hər hansı 1 adamın orqanizminə 1,2-2 mq miqdarında nikotin keçə bilir.
Tütünü kəşf edənlərin sonuna tütün çıxdı
İlk dəfə tütündən istifadə edən amerikalı hindular siqaretdən şeytanı çağırmaq üçün istifadə edirmişlər. Mayya hinduları tütünü yalnız dini ayinlərdə çəkərdilər. Xristofor Kolumb və onun komanda üzvlərinə məhz tütünü hədiyyə edən də elə Mayya hinduları olublar. Sonralar amerikan hinduların kökü müxtəlif xəstəliklər ucbatından kəsildi. Bəşəriyyətə böyük bir sivilizasiya bəxş etmiş bir xalqın kökünə tütün son qoydu.
Siqaretin səbəb olduğu ağciyər xərçəngi ildə 1.8 milyon adamın ölümünə səbəb olur.
Siqaret çəkənlərin siqaret çəkməyənlərə nisbətən həyatları boyunca ağciyər xərçənginə tutulma ehtimalı 22 dəfə daha çox olur. Evdə və ya iş yerində siqaretin tüstüsünə məruz qalan passiv siqaret çəkənlərin ağciyər xərçənginə tutulma riski də siqaretə məruz qalmayanlara nisbətdə 30 faiz daha çoxdur. Bununla bərabər tütündən istifadəni buraxdıqdan 10 il sonra ağciyər xərçəngi riski, siqaret çəkənlərlə müqayisədə təxminən yarı-yarıya qədər düşür.
Bu səbəblə də ÜST və qlobal təşkilatların qərarı ilə 1987-ci ildən bəri hər il 31 May Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir. Burada məqsəd tütün istifadəsi və siqaretin tüstüsünə məruz qalmağın zərərləri, ölümcül təsirləri haqqında dünya ictimaiyyətini xəbərdar etməkdir.
Tütünün xərçəngdən tutmuş ağciyər, xroniki tənəffüs yollarına vurduğu zərər araşdırılmalı və insanlar şüurlu şəkildə məlumatlandırılmalıdırlar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Bunu da oxu