Ucqar dağ kəndini turizm zonasına çevirən 60 yaşlı xanımın hekayəsi


O, Astaranın ucqar dağ kəndi olan Sımda özünə turizm biznesi qurub. Evini kəndlərini görməyə gələn turistlərə kirayə verir.

ucqar-dag-kendini-turizm-zonasina-ceviren-60-yasli-xanimin-hekayesi
12.06.2024 22:20 4 dəq oxuma

Azərbaycanda qadınların iş imkanlarına çatımlılığı, iş tapması əksər hallarda zəif, problemli məsələdir. 

Təhsili olan belə, məişət qayğıları, uşaqların baxımından zaman tapıb, iş həyatına atıla, karyera qura bilmir. Bəzən də ər, ata, qardaş – buna imkan vermir. 

Bu gün Azərbaycanın böyük şəhərlərində belə iş problemi yaşayan qadınlar var. Siz bir də əyalətləri düşünün… Hardasa müəllim, həkim, tibb bacısı, yaxud aşbaz kimi çalışmaq mümkün olur, lakin qadınların biznes qurması, iş insanı olmaları çətin məsələdir. 

60 yaşlı Rəvayə Baxşıyeva bu çətinliyin öhdəsindən gələnlərdəndir. O, Astaranın ucqar dağ kəndi olan Sımda özünə turizm biznesi qurub. Evini kəndlərini görməyə gələn turistlərə kirayə verir. 

Son illərin trendi – Sım kəndi 

Astaranın Sım kəndi son illər yerli və xarici turistlərin tez-tez baş çəkdiyi məkana çevrilib. Kənd dağ mənzərəsi, yaşıllığı, şəlaləsi ilə məşhurdur. 

Təngərüd çayının sahilində, qayaların üzərində salınmış Sımda yaşayan Rəvayə Baxşıyeva kənddəki müxtəlif çətinliklərə baxmayaraq, öz səyi ilə turizmlə məşğul olur. Bununla iqtisadi müstəqillik əldə edən qadın kəndin turistik cazibəsinə bir başqa əhval qatır.

“Bir gün kəndimin qapılarını yüzlərlə insana açacağına inanmazdım”

Rəvayə Baxşıyeva Sımda doğulub, ömrü boyu da burada yaşayıb, kəndini çox sevir. İndi isə həm kəndə gələn turistlərə Sım barədə məlumat verir, həm də onlara qala biləcəkləri məkan təklif edir: 

“Sadəcə təbiətin gözəlliyi, Allahın möcüzəsi olaraq baxdığım və bizə, kənd əhalisinə məxsus olduğunu düşündüyümkəndimin qapılarını bir gün yüzlərlə insana açacağını və bu gözəlliklərdən mənə də pay düşəcəyinə inanmazdım” – deyir, Rəvayə. 

Sözünə davam edərək, biraz da öz həyatından danışır. Deyir, 28 yaşında ailə həyatı qurub, üç qız dünyaya gətirib. Turizm işinə isə bir il öncə, güc-bəla ilə ərini razı salaraq başlayıb. 

“Qızlarımdan birinin səhhətində problem var. Onun müalicəsi çox pul aparır və elə yoldaşımın razı olma səbəbi də bu oldu. 

Kənddə belə işləri adətən kişilər görür. Mən bu işlə məşğul olan ilk və hələ ki, tək qadınam”. 

Rəvayə bildirir ki, işini sevərək görür, bəlkə də ondandır ki, qısa zamanda evinə gələn qonaqların sayı artıb: 

“Evdə turistlərin istifadə edə biləcəyi hər cür rahatlıq yaratmışıq, isti suyumuz daimidir. Qışda evi odun sobası ilə qızdırırıq, qonaqlar istədikləri qədər odundan istifadə edə bilir. Çoxuna bu, maraqlı gəlir. Üstəlik, onları evdə bişirdiyim talış yeməklərinə də qonaq edirəm”. 

Rəvayə yeməklər üçün qonaqlardan cuzi ödəniş alır. Deyir, evdə bişirdiyi hər şey orqanik, öz həyətindən olur.

Turizm xidmətləri və innovativ yanaşma

Rəvayə Baxşıyeva deyir ki, bacardığı qədər qonaqlara öz evindəki kimi hiss etdirməyə çalışır. 

Kənddəki digər bələdçilər müəyyən ödəniş müqabilində turistləri şəlalələrə və təbiət parklarına aparır. Rəvayə isə bunu pulsuz edir, özü də onlarla birlikdə gəzir, əylənir. 

Dönə-dönə kəndini çox sevdiyini deyən, Rəvayə onun hər qarışına bələddir. Bildirir ki, gənc yaşlarında kəndin xüsusilə səfalı yerlərini gəzməyi çox sevirmiş, evləndikdən sonra isə ailə məsuliyyətləri çoxalıb və bu alışqanlığını uzun illər yerinə yetirə bilməyib. Evini turistlər üçün günlük kirayəyə verdikdən sonra isə qonaqlarını görmək istədikləri kənd guşələrinə özünün aparmağına qərar verib. 

“Onlarla birgə gəzmək mənə zövq verir. Gur şəlalələr, buzxana mağaraları uşaqlığımı və gəncliyimi xatırladır. Özümü azad və məmnun hiss edirəm. Ona görə də bu xidmətdən pul almaq ağlıma belə gəlmir. Kənddə cavanlar içində ödənişli bələdçilik edənlər var, yaxşı da bacarırlar. Amma onlardan yaşlı olduğum üçün kəndin keçmişinə daha çox bələdəm, turistlərlə kəndin tarixi ilə bağlı söhbətləşmək də xoşuma gəlir. Bəzi şeyləri özüm də yenidən xatırlayıram, sanki xatirələr canlanır. Bilmədiklərimi isə coğrafiya müəllimi olan dayımdan soruşuram”. 

Kəndin problemləri və arzular

Rəvayə kəndinin illərdir həllini tapmayan problemlərinə də  diqqət çəkib. Deyir, Sımın yolları pis vəziyyətdədir, asfalt örtüyü pis durumdadır, sıldırımlı yollar yağış yağanda palçıq bataqlığına çevrilir. 

Deməsinə görə, bu vəziyyət uşaqların məktəbə getməsini belə çətinləşdirir. Bu çətinliklərlə mübarizə aparan uşaqlar arasında Rəvayənin nəvələri də var. Deyir, onlar məktəbə getmək üçün təmiz ayaqqabılarını özləri ilə aparmalıdırlar.

“Yolların nahamarlığından şəhərdən gələn turistlər şəxsi maşınları ilə kəndə gələ bilmirlər, hələ rayon mərkəzindən yolsuzluq maşınlarının sürücüləri ilə sövdələşməyə məcbur olurlar. Bu xidmət həm də kəndlilərin rayona getmək üçün yüksək ödənişlər etməsinə səbəb olur. Qış aylarında qar yağanda kənd camaatı tamamilə kəndə qapanır və elektrik enerjisi kəsilir.

“Təbii qazın olmaması da kənddə böyük problemdir. İldə 4-5 dəfə dövlətin müəyyən etdiyi quru ağacları kəsərək, odun əldə etməli oluruq. Bu, baha başa gəlir. Təbii qazın verilməsi kəndlilərin yüksək xərclərdən qurtulmasına imkan verə bilər”. 

Səhiyyə və təhsil ehtiyacları

Rəvayənin kəndi üçün ən böyük arzusu poliklinika və ya xəstəxana tikilməsidir. Hazırda isə hamilə qadınlar və xəstə kənd sakinlərinin rayona getməyə məcbur olduqlarını bildirir və bunun böyük risk yaratdığını deyir.

“Səhiyyə xidmətlərinə çıxışın çətinliyi kəndlilərin həyatını təhlükə altında qoyur. Kənddə səhiyyə ocağının yaradılması insanlarımızın həyat keyfiyyətini xeyli yaxşılaşdıra bilər”. 

Sım təbii gözəllikləri və talış mədəniyyətinə məxsus xüsusiyyətləri ilə Azərbaycanın mühüm turizm bölgəsidir. Rəvayənin səyləri kəndin turizm imkanlarına töhfə verir və kənd qadınlarını ruhlandırır. Bununla belə, kənddəki infrastruktur çatışmazlığı, yüksək nəqliyyat xərcləri və səhiyyə xidmətlərindən istifadədə çətinlik kəndlilərin həyat keyfiyyətinə mənfi təsir göstərir. 

Rəvayə deyir ki, arzuları yerinə yetsə, kəndləri daha yaşanıla bilən məkana çevrilər.

FEMMEKAN