Kitab uşağınızla birlikə keyfiyyətli vaxt keçirməyin ən gözəl yoludur...
Kitablar uşaqlarla qurulan münasibətə fərqli rəng qatır. Saylar, hərflər, rənglər və şəkillər düşüncələri əyləncəli şəkildə onunla tanış edir. Kitab dinləmə və yaddaş qabiliyyətini inkişaf etdirir. Söz ehtiyatını artırır və uşaqlara ətraflarında olan dünya barəsində məlumat verir.
Kitab oxumaq hər şeydən əvvəl uşağın dilinin inkişafına faydalıdır. Qeyd etmək lazımdır ki, dil və nitq qabiliyyəti uşaq hələ danışma yaşına gəlməzdən əvvəl inkişaf etməyə başlayır. Körpəniz nə qədər çox söz eşidərsə, nitq qabiliyyəti də o qədər gözəl inkişaf edər. Yeni sözlər öyrənmək, sözlərin cümlə içərisində fərqli istifadə hallarını eşitmək, körpənin səslərdəki fərqliliyi, eniş-çıxışları və vurğuları ayırd etmə bacarığını inkişaf etdirir. Xüsusilə də 1 yaşından başlayaraq kitab oxumaq uşağın danışmağa başlamasını sürətləndirən ən güclü vasitələrdən biridir.
Uşaq hər ay bir şey öyrənir...
Hər kəs kitabın faydasından xəbərdar olsa da, söhbət uşaqlar olduqda "kitab oxumaq uşağa nə qazandırır?” deyə sual verilə bilər. Kitablar hər şeydən əvvəl uşaqlara fərqli dünyaların qapısını açır. Xəyal dünyaları inkişaf edir, həyatda qarşılaşdıqları müxtəlif vəziyyətləri və duyğuları artıq tanıyırlar, anlayış və dəyərləri öyrənirlər. Uşaqların kitabdan zövq almadıqları kimi görünsə də, hər yaşda olan uşaq kitablardan yeni şeylər öyrənir.
Kitab uşağınızla birlikə keyfiyyətli vaxt keçirməyin ən gözəl yoludur.
Övladınızın oxuma vərdişi qazanması üçün, oxumağı öyrənənə kimi sizin ona davamlı kitab oxumanız vacibdir. Oxuma-yazmağı öyrəndikdən sonra bu vərdişini təkbaşına davam etdirməyə hazır olacaq. Xüsusilə də körpələrə gözəl yuxu vərdişi qazandırmaq üçün kitablara üstünlük verilməli, hər gün kiçik də olsa yatarkən ona nəsə oxunmalıdır.
Hətta doğulandan 6 ayına qədər övladınız üçün ağ-qara, həndəsi fiqurların olduğu, yumşaq üzlüklü (incitməsin), suya davamlı (ağzına salanda) kitablar seçə bilərsiniz. 6-9 ayından başlayaraq, rəngli şəkilləri olan, qısa və sadə hekayələrin olduğu kitablar övladınızın diqqətini çəkməyə başlayacaq.
Körpələr kitabları baxaraq, toxunaraq (açıb-bağlayaraq) və ağzına salaraq kəşf etməyə başlayır.
18-24 aylığında artıq uşaqlar hərəkətli olur. Kitab oxuyarkən dinc durmaya bilərlər. Çünki bu yaşda uşaqların hərəkət etməyə ehtiyacları var. Bunun üçün oxuduğunuz nağılda məsələn, onun dovşan kimi tullanmasını istəyə bilərsiniz. Səhifələri çevirə bilər, şəkillərdə nələrin olduğunu soruşa bilərsiniz. Bu uşaqda dil və düşünmə qabiliyyətini inkişaf etdirəcək. Hətta nağılı yarımçıq saxlayıb, düşündürücü suallar verə bilərsiniz: “səncə, uşaq orda nə hiss etdi? Bundan sonra nə baş verəcək?” kimi suallarla kitabla uşağın həyətı arasında əlaqə qurmuş olursunuz. Hətta övladınız artıq 3 yaşında nağılı danışa, təkrar-təkrar sizə oxutsa heç təəccüblənməyin. Çünki böyüməyə başlayan uşaqlar təkrarı sevir və dəfələrlə oxunsa belə bir nağıldan bezməzlər.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 03-07-2021