Uşaqlar getdikcə virtual aləm ilə gerçək həyatdan qopurlar
Türkiyənin Beynəlxalq Sosial Media Assosiasiyansının (USMED) prezidenti Said Ercan virtual həyatın istifadəçilər üzərindəki təsirlərindən danışıb. O bildirib ki, sosial olmayan insan gerçək həyatda insanlarla sosiallaşa, özünü ifadə edə, insanın üzünə baxaraq nəsə deyə bilmir:
“Amma sosial mediada yazının verdiyi rahatlıqla və qarşısındakı insanın üzünü görmədiyi üçün çox gözəl şəkildə həm özünü ifadə edə, həm də hisslərini üzə çıxara bilir.
Həmçinin bir çox uşaq uzun müddət otağından çıxmayaraq internet vasitəsiylə oyun oynayır. Bu hal uşaqları tənha edir”.
İnsan insan olmağı robotdan öyrənir
"İndiki dövrdə uşaqların əksəriyyəti rəqəmsal oyunları oynamaq üçün bir araya gələrək sosiallaşır. Əllərində sadəcə oyun ləvazimatları olan idarəedicilərlə (pult) bədənləri ilə bir araya gətirmək sosiallaşmaq demək deyil. Dəniz kənarında dənizi seyr edərək çay içə-içə söhbətləşmək, bir kafedə oturub danışıb-gülmək başqa, lakin əlində telefonla sadəcə yan-yana oturmaq ayrı bir şeydir. Artıq sosial olmağın tərifi belə dəyişir. Təəssüf ki, gənclər bunu sosiallaşmaq zənn edir".
Uşaqlar artıq gülüb-üzülməyi emojilər kimi edir
"Sosial media insanı robotlaşdırır. Gündə 7,5 saatımızı texnoloji alətlərlə keçiririk. İnsan, insan olmaq sənətini, danışmağı, gülməyi, mimikaları başqa bir insandan öyrənməlidir. Bunları virtual aləmdə görmədiyi üçün insan, insan olmaq sənətini bir robotdan öyrənir. Ona görə də insanların daha tez-tez bir araya gəlməsi lazımdır.
Said Ercan qeyd edir ki, uşaqlar getdikcə gerçək həyatdan uzaqlaşırlar. Uşaqlar artıq gülməyi emojilər kimi edirlər. Emoji kimi üzülür, emoji kimi gülür... Əslində duyğusuz, robotlaşmış bir nəslə doğru gedirik".
Ekrana bağlanan uşaqların daha gec danışmağa başladığını irəli sürən türk mütəxəssis bu problemin başında televizor, telefon, internet kimi vasitələrin durduğunu vurğulayıb: “Ekrana bağlılıq çox ciddi mənada artıb. Artıq hər kəs gözünün qarşısında ekran görmək istəyir”.
"C nəsli" ilə bir nəsil itir
Said Ercan “belə getsə, təəssüf ki, bir nəsli itirəcəyik. “C nəsli” adlı bir nəsil peyda olub. Əvvəllər Z və alfa nəsli var idi.
"C nəsli" budur: 80 yaşında olsa belə, rəqəmsalı bir gənc və ya uşaq qədər gözəl istifadə edən birinə biz “C nəsli” deyirik. "C nəsli" ilə birlikdə dünyada və Türkiyədə uşaqların virtual aləmdən asılı olmadığını, istismarın qurbanı olduğunu, ana-ataların isə asılı olduqlarını bildirirəm. Bu, "rəqəmsal miqrantlar" asılı, "rəqəmsal yerlilər" asılı deyil deməkdir. Bu nə deməkdir? "Rəqəmsal yerli" dünyaya gəldiyi andan sosial media və internet var idi. "Rəqəmsal miqrant" isə sosial media və interneti sonradan görənlərdir. Yəni rəqəmsal sistemə köç etdiyimiz üçün özümüz də anlamadan ondan asılı olmuşuq. Rəqəmsal dünyanın yerli sakinləri isə bunun əksikliyini hiss etmir, çünki onlar doğulanda onsuz da var idi”.
Firuzə Alimova / TurpKimi.com
24-03-2019