"Qızdırma, öskürək, mədə-bağırsaq pozuntuları koronavirusun uşaqlardakı əlamətlərinə aiddir".
"Koronavirus bəzi risk qrupu olan uşaqlarda ağır keçir. 1 yaşdan kiçik uşaqlar, yanaşı xroniki xəstəliyi, böyrək, ürək, ağciyər, serebral iflic, xərçəng kimi xəstəliyi olan uşaqlar yeni növ koronavirusu ağır keçirə bilər. Həmçinin kök uşaqlar da arıqlara nisbətən koronavirusu daha çətin keçirirlər”.
Bunu Baş pediatr Erkin Rəhimov "ARB24" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda bu virus uşaqlar arasında da yayılıb: "Bunun bir səbəbi bütün dünyada peyvəndlərin böyüklərə şamil edilməsidir. Artıq bəzi ölkələrdə böyüklər tamamilə peyvəndlənib. Buna görə böyüklər daha az xəstələnməyə başlayıblar və uşaqlarda bu virus görünməyə başlayıb.
84-85 faiz uşaqlarda bu virus ya yüngül, ya da simptomsuz keçir. Qızdırma, öskürək, mədə-bağırsaq pozuntuları koronavirusun uşaqlardakı əlamətlərinə aiddir. Doğrudur, uşaqlar koronavirusu böyüklərə nisbətən yüngül keçirir, lakin bəzi uşaqlar arasında pisləşmələr müşahidə olunur və onlar xəstəxanaya yerləşdirilirlər. Bəzən valideynlər narahat olmurlar, düşünürlər ki, uşaqdırsa, virusu rahat keçirəcək. Əslində mütləq sadaladığım əlamətlər - iştahsızlıq, mədə-bağırsaq pozuntuları, qızdırma, öskürək olan uşaqlardan yaxma götürülməli, virus olduğu təsdiqlənməlidir. Ağciyələri yaxşıdırsa, evdə müalicə oluna bilər. Bol maye içmək uşaqların virusla mübarizədə əsas yoludur. Qızdırma yüksəkdirsə, o düşürülməlidir. Ailə boşuna antibiotiklər təyin etməməlidir. Viruslara qarşı göstərişlə xüsusi müalicə təyin oluna bilər. Ağırlaşma halı olarsa, uşaqlar xəstəxanaya yatırılmalıdır”.
Həkim bildirib ki, valideynlər maarifli olmalı, uşağa koronavirusu hər yaş dövrünə uyğun düzgün izah etməlidirlər. Uşağın yuxu rejiminə, vaxtını ekran arxasında keçirməsinə diqqət etməli, sosial məsafə, əl təmizliyi izah olunmalıdır. Həmçinin, valideynlər uşaqları idmana yönəltsələr yaxşı olar.
E. Rəhimov qeyd edib ki, artıq bir neçə peyvənd, o cümlədən, "CoronaVac” və "Pfizer” peyvəndləri bəzi ölkələrdə uşaqlar üzərində sınaqdan keçirilib: "Tədqiqat göstərib ki, "Pfizer” peyvəndi 12-15 yaş arası uşaqlarda effektli şəkildə tətbiq edilə bilər. Bu peyvəndin yan təsir profili böyüklərdən fərqli deyil, effektvlik isə böyüklərdəki kimidir. Bu peyvənd sentyabrın sonunadək daha dəqiq və ətraflı tədqiqatlarını açıqlayacaq. Biz də bunlara baxırıq, metodoloji olaraq doğru aparıldığına diqqət yetiririk və bizim həkim heyəti qərar versə, bizdə də bir neçə ay sonra uşaqlar peyvəndlənə bilər. Bu addımı atmadan öncə əmin olmalıyıq, əlimzidə çoxlu dəlil olmalıdır. Bunun üçün isə müəyyən vaxt lazımdır”.
Baş pediatrın sözlərinə görə, elmi tədqiqatlar onu göstərir ki, ölkədə vaksin olunanlar 70-80 faiz olmadıqca, insanlar arasında yoluxmanın qarşısını almaq olmur. Epidemiyanın qarşısını almağın ən yaxşı yolu peyvəndlənmənin artırılmasıdır.
E. Rəhimov qeyd edib ki, koronavirus mövsümlə əlaqəli deyil və havadan asılı olmayaraq yayda da pik həddə çata bilər.