Uşaqlarda oxuma vərdişi necə formalaşdırılır? - ARAŞDIRMA


Uşaqlarda oxuma vərdişini necə formalaşdırmaq olar?  Bu sualın cavabı demək olar ki, bütün valdeynlərə maraqlıdır.  

usaqlarda-oxuma-verdisi-nece-formalasdirilir
27.07.2019 22:41 4 dəq oxuma

TurpKimi.com uşaqlarda kitaba olan marağın necə formalaşmasından yazacaq.  

Ağac yaşkən əyilər

Hər şey körpəlikdən başlamalıdır. Psixoloqların fikrincə,  uşaqları ilk dəfə kitabla tanış etməmişdən öncə mütləq onu dinləmə vərdişi ilə tanış etmək lazımdır. Bu vərdişə isə körpəni ana bətnində olarkən alışdırmaq lazımdır. Nəzərə alsaq ki, uşağın eşitmə duyğusu artıq 8 həftəliyindən formalaşmağa başlayır, deməli, bu ayından sonra uşaqla sözlü kontakta girərkən daha ehtiyatlı olmaq gərəkdir. Mütləq ana hamiləlik vaxtı körpəsinə maraqlı nağıllar danışmalıdır, xüsusən, bunu axşam, yatmamışdan öncə etməlidir. Bir növ körpəni hazırlamalıdır. Mütəxəssislərin fikrincə, ana hamiləlik vaxtı hansı saatda körpəsinə nağıl danışıb, daha sonra onu əzizləyirsə, həmin uşaq dünyaya gəldikdən sonra daha sözəbaxan və idarə oluna bilən olur.

Layla dedim, yatasan, boya-başa çatasan...

Körpəlikdən valideyn uşağı gələcək həyata sağlam və düzgün şəkildə hazırlamalıdır. Uşağın gözü açılmamış onu nəyə öyrətsən, hansı vərdişə alışdırsan, elə o cür də davam edəcək. Sadəcə sonadək kənardan nəzarət etmək lazımdır. 
Qədimdən nənələrimiz  uşaqlarda dinləmə qabiliyyətini artırmaq üçün analara həmişə layla oxuyaraq uşağı yatızdırmağı məsləhət görüblər. Uşaqlarda bu cür dinləmə qabiliyyətini formalaşdırdıqdan sonra onu kitabla birbaşa tanış etmək olar.

Ay nənə, bir nağıl de

Layla dövrü bitdikdən sonra uşaqlarda dinləmə mədəniyyətini inkişaf etdirmək üçün nağıl danışmaq lazımdır. Bu prosesə uşaq 2 yaşında olarkən başlamaq məsləhətdir. Nağıl danışmaq üçün ən yaxşı məqam isə yatmazdan qabaqdır. Psixoloqların fikrincə,  düzgün dinləmə qabiliyyəti formalaşan uşaqlar 2 yaşından nağıl dinləmək istəyəcəklər. Bu qabiliyyət düzgün formalaşmayıbsa, uşaqlar nağıl eşitmək istəməyəcəklər. Bu da onların gələcək psixi inkişafı üçün mənfi təsir göstərəcək. Çünki uşaqların idrak fəaliyyətinin inkişafı üçün, yəni duyğusunun, qavrayışının, yaddaşının, diqqət-hafizəsinin, həmçinin təfəkkür və təxəyyülünün inkişafı üçün nağıl dinləmə və oxuma çox önəmli rol oynayır.

 

Körpənin ilk kitabı necə olmalıdır?

Körpənin əyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərlə aparılmalıdır.  Qısa və az cümlələrdən ibarət olan, əlvan şəkilli və ən əsası dözümlü materialdan hazırlanmış kitablar seçilməlidir ki, körpə onları vərəqləyərkən cıra bilməsin. Elə kitab seçmək lazımdır ki, şəkilləri böyük və qabarıq səthli olsun. Körpə əllərini səhifə üzərində gəzdirəndə şəkilləri hiss etməyi bacarsın. Elə balaca yaşlardan başlayaraq uşağa hədiyyə kimi rəngli, şəkilli jurnallar, kitabçalar almaq lazımdır. Uşağın gözü, beləcə, kitablara və oxumağa alışacaq.

Uşağı nağıla qulaq asmağa cəlb etmək üçün nələri bilməliyik?

İlk növbədə nağılı oxuyarkən intonasiyaya ciddi əməl etmək lazımdır. Hər personajın nitqinə uyğun danışmaq lazımdır. 

- Uşağın nağıla qulaq asması üçün nağılı obrazlı şəkildə, personajların dili və xüsusi emosiya ilə oxumaq lazımdır.

- Heyvanların səsi ilə təqlid etmək, mimika, əl-qol hərəkətlərini göstərməklə onun diqqətini bir yerə yönləndirmək olar.

- Valideynlər uşaqları ətraf mühitlə, canlı təbiətlə tanış etməlidirlər. Uşağı tez-tez heyvanxanaya aparmaq lazımdır ki, onlar ətraf mühiti hiss edə bilsinlər və nağıllara qulaq asmağa vərdiş etsinlər. Məsələn, ana nağıl danışanda hər heyvanın adını çəkəndə,  mütləq onu heyvanxanada gördüyünə yönləndirməlidir:  "Ayı var idi e orada, gördün, necə nərildəyirdi, hirslənmişdi, pəncələrini yerə vururdu" və s.

- Bütün uşaqlar kağızla işləməyi xoşlayırlar. Elə oxumaq mədəniyyətini formalaşdırmaq, uşaqda kitaba, dəftərə maraq oyatmaq buradan başlayır.

- Vəsaitlə işləmək lazımdır. Nağıl danışdıqca heyvanların şəklini kağıza çəkmək və ya kartonlarda göstərmək lazımdır.

Kitabı uşağa necə sevdirməli?

- Valideynlərin çoxunu narahat edən məsələlərdən biri uşaqlara nağılları və ya hekayələri kitabdan oxumağın və ya danışmağın hansının daha doğru olması barədədir. Psixoloqlar  hər iki metoddan da istifadə etməyi tövsiyyə edirlər. 
-Müasir dövrümüzdə hər yaş üçün müxtəlif kitablar, jurnallar dərc edilib.  2 yaşında olan uşağın kitabxanası olmalıdır.

- Uşağın kitabxanasında onun sevdiyi kitablar olmalıdır.

- Bu kitabxananı uşağın oxuduğu kitablarla artırmalıyıq.

- Hər kitab artdıqca uşağı təbrik edib mükafatlandırmağı da unutmamaq lazımdır. Bu diqqət uşağı daha çox kitab oxumağa təhrik edəcək.

- Təbii ki, uşaq kitabları nə qədər rəngli olsa, bir o qədər yaxşıdır. Günümüzdə inkişafla bağlı rəngli, eyni zamanda da səsli kitablar var.

Kitabı uşağın yaşına görə seçin!

Uşaqlara kitab seçərkən uşaqların yaşı nəzərə alınmalıdır, çünki seçilən kitab uşağın yaş dövrünə uyğun olmadıqda uşaq o kitabdan zövq ala bilməz və kitaba marağı azalar. 2-3 yaşlı uşaqların nağıl qəhrəmanları onların hər hansı bir əşyası olmalıdır. Məsələn: sevdiyi oyuncaq, xoşladığı cizgi qəhrəmanı və s. Bu yaşda uşaqlar hər hansı təkrarlayıcı hərəkətləri olan nağılları sevirlər.

4-6 yaşlı uşaqlar daha çox sehrli nağılları dinləməyi sevirlər.

7 yaşdan sonra uşaqlar sehrli nağıllarla bərabər, döyüş, müharibə, faciə, eyni zamanda tərbiyəvi süjetli (xeyir və şər, pislik və yaxşılıq və s.) müxtəlif nağılları dinləyə bilərlər. Valideynlər bu nüansları nəzərə alıb uşaqlarına kitablar seçsələr, uşaqlarında kitablara maraq yaradarlar.

İmkan olduqca uşağınızı kitab mağazasına aparın, sevdiyi jurnal, rəngləmək üçün rəsm dəftəri belə olsa, alın və imkan yaradın, pulunu o versin ki, kitabın onun olduğunu mənimsəsin.

Nağıl bilməyən analara internet kömək edə bilər

Lap keçmişdən nənələr nəvələrini yığıb nağıllar söyləyərdilər. Getdikcə hər şey dəyişdi. İndi nağılı mahnı faylı şəklində telefona, diskə köçürüb uşağa dəfələrlə dinlətmək də mümkündür. Azərbaycan nağılları səsli şəkildə, eləcə də görüntülərlə internetdə, müxtəlif fayl yükləmə sistemlərində vardır. Nağıl bilməyən analar bu üsulla da uşaqlara nağılı sevdirə bilərlər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com