Uşaqları zəhərləyən bitki Bakı küçələrində - FOTO


Niyə şəhərlərimizdə bu bitkilər əkilir?

usaqlari-zeherleyen-bitki-baki-kucelerinde
27.07.2022 00:27 2 dəq oxuma

Ölkəmizdə “söyüd gülü” kimi daha çox tanınan “oleandr” və ya “zəqqum kolu” adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində sıx-sıx rast gəlinir. 

Baku.ws yazır ki, yarpaqları söyüd ağacına bənzədiyinə görə Azərbaycanda bu bitkiyə daha çox “söyüd gülü” deyirlər. Bu bitki yaşıllaşdırmada daha geniş istifadə olunur.

Gözəlliyi ilə valeh edən bu bitkinin görünüşünə çox da aldanmamaq lazımdır. Onun çiçəklərinə və budaqlarına əl vurmaq çox təhlükəlidir. Xüsusən uşaqları bu güllər olan ərazidən uzaq tutmaq lazımdır. Çünki oleandrın çiçəkləri və budaqları zəhərlidir.

Bəs təhlükəli hesab olunan bitkidən Azərbaycanda niyə bu qədər geniş istifadə olunur?

Məsələ ilə bağlı ekspert İlkin Şəfiyev bildirdi ki, bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadəsinin səbəbi küləyə və istiyə davamlı olmasıdır.

“Abşeron yarımadasının iqliminə tam uyğunlaşmış bitkidir. Bundan başqa, uzun müddət çiçəkləməsi onun bəzək bağçılığında istifadəsini önə çəkir. Lakin bitkinin yarpaqlarının şirəsi zəhərlidir. Əgər insan şirəni daxilə qəbul edərsə, zəhərlənmə baş verə bilər. Həmçinin çiçəklərinin ətri xəstə insanlara pis təsir edə, başağrısı verə bilər. Bitki zəhərli hesab olunur. Çünki tərkibində neriolin və kornelin adında alkaloidlər var ki, bunlar da zəhərlidir”, - deyə o bildirib.

Bəs Bakıda insanların sıx yaşadığı ərazilərdə zəhərli oleandrların çıxarılaraq yerinə təhlükəsiz gül kolları əkilməsi məsələsi gündəmə gələ bilərmi?

Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu suala aydınlıq gətirib. Qurumdan bildirilib ki, “zəqqum gülü” paytaxtın park və digər istirahət guşələrində əkilməyib.

“Bu bitkilər əsasən yol kənarlarında insanlarımızın az olduğu məkanlarda əkilib. O ki qaldı oleandrların zəhərli olmasına, biz bu barədə fikir bildirə bilmərik. Bu, Botanika İnstitutunun səlahiyyəti çərçivəsində olan bir məsələdir. Bizim qurum oleandrın əkilməsi və onların suvarılması işini həyata keçirir”, - deyə qurumdan bildirilib.

AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva isə açıqlamasında bildirdi ki, oleandrın xüsusilə insanların sıx yaşadığı ərazilərdə əkilməsi təhlükəlidir.

“Bu bitkiləri geniş şəkildə gözəl görünüşünə görə əkirlər. Onu şəhərdən kənar yerlərdə, insanların az hərəkət etdiyi yollarda istifadə etmək olar. Hətta mən bu yaxınlarda Mərkəzi Nəbatat Bağının girəcəyində bu gülün əkildiyinin şahidi olmuşam. Mən oranın işçilərinə dərhal iradımı bildirdim”, - deyə AMEA rəsmisi əlavə edib.

Həmçinin direktor qeyd etdi ki, oleandrı Azərbaycana xas və zəhərsiz bitkilərlə əvəzləmək mümkündür:

“Ətrafı gözəlləşdirmək üçün qızılgül kollarından, onların sarmaşan növlərindən istifadə etmək olar. Böyük bitkilərdən isə həmişəyaşıl ağaclar çoxdur, onlardan istifadə etmək olar. Oleandrın parklarda, bağlarda və xüsusilə körpə uşaqların oynadığı yerlərdə əkilməsi qəti qadağan olunmalıdır”.